Novruz bayramı idi. Çingiz valideynləri ilə birlikdə Gəncədə yaşayan əmisigilə qonaq gedirdi. Onlar bu səfərə həmişə öz maşınları ilə çıxırdılar. Bu dəfə isə ata oğlundan Gəncəyə nə ilə getmək istədiyini soruşdu. Çingiz Gəncəyə həm avtobus, həm qatar, həm də təyyarə ilə getməyin mümkünlüyünü bildiyindən: "Qoy bir az düşünüm", - deyib atasına böyük qardaşı ilə məsləhətləşəcəyini bildirdi.
– Sizcə, Çingizin düşünməsinə nə səbəb ola bilərdi?
– O hansı qaydalara əməl etməlidir ki, səfər zamanı təhlükələrdən uzaq olsun?
Hər birimiz piyada olmaqla yanaşı, həm də sərnişinik. Yaxın məsafələrə getmək üçün metro və avtobusdan, uzaq məsafələrə getmək üçün isə qatar, təyyarə və başqa nəqliyyat vasitələrindən də istifadə edirik. İstənilən ictimai nəqliyyatdan istifadə zamanı sağlamlığımızı, həyatımızı qorumaq üçün müəyyən qaydaları bilməliyik.