Lamiyə dərs oxuyurdu. Kiçik bacısı Sevinc otaqda yatdığından o, stolüstü lampanı yandırdı. Elektrik naqili xalçanın altında qalmışdı. Lamiyənin anası bunu görüb naqili elektrik dövrəsindən ayırır. Sizcə, o bunu nə üçün etdi?
Elm və texnika sürətlə inkişaf edir. Lakin bununla yanaşı, qəza halları da durmadan artır. İl ərzində yüzlərlə insan məişətdə və ictimai yerlərdə baş verən qəzalar nəticəsində dünyasını dəyişir və yaxud müxtəliftipli xəsarətlər alır. Bu isə adi təhlükəsizlik qaydalarını bilməməkdən və yaxud onlara əməl etməməkdən irəli gəlir.
Bu gün respublikamızın regionlarında uşaqların kifayət qədər əylənə biləcəyi parkların, uşaq əyləncə mərkəzlərinin olması hamımızı sevindirir. Yəqin ki, boş vaxtlarınızda valideynlərinizlə bu uşaq əyləncə mərkəzlərinə, parklara, yayda isə çimərliklərə getməyi çox xoşlayırsınız. Lakin vaxtınızı maraqlı keçirmək istədiyiniz bu cür yerlərdə gigiyena və təhlükəsizlik qaydalarına əməl etməməyiniz bəzən xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.