Cismə maye daxilində iki qüvvə təsir edir: ağırlıq qüvvəsi (F→a) və arximed qüvvəsi (F→A). Bu qüvvələr arasındakı münasibətdən asılı olaraq, cisim mayedə ya üzür, ya da batır:
Cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsindən böyük olarsa (Fa > FA), cisim mayedə batır (a). Cismin sıxlığı mayenin sıxlığından böyük olduqda o, mayedə batır:
mcg > ρmgVc, ρc > ρm .
Cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsinə bərabər olarsa (Fa = FA), cisim mayenin daxilində tarazlıqda qalar (b). Cismin sıxlığı mayenin sıxlığına bərabər olduqda o, həmin mayenin daxilində ixtiyari dərinlikdə üzə bilər:
mcg = ρmgVc, ρc = ρm .
Cismə təsir edən ağırlıq qüvvəsi arximed qüvvəsindən kiçik olduqda (Fa < FA ), əvəzləyici qüvvə yuxarı yönəlir və cisim mayenin səthinə qalxmağa başlayır. O, mayenin səthinə qalxana qədər itələyici qüvvə dəyişmir. Lakin cismin sonrakı qalxmasında itələyici qüvvə azalmağa başlayır. Bu qüvvə ağırlıq qüvvəsinə bərabər olduqda isə cismin qalxması dayanır və o, maye səthində üzməyə başlayır. Beləliklə, cismin müəyyən hissəsi batmaqla, maye səthində üzür (c). Cismin batan hissənin həcmi qədər sıxışdırdığı mayenin çəkisi cismə təsir edən ağırlıq qüvvəsinə bərabər olur:
ρmgVb = mg.
Cismin sıxlığı mayenin sıxlığından kiçik olarsa
(ρc < ρm), ρm Vb = ρc Vc
olur.Bu, cismin maye səthində üzmə şərtidir. Məsələn, su səthində üzən aysberq, civə səthində üzən polad parçası və s. Çaylarda, dənizlərdə, okeanlarda üzən gəmilər müxtəlif sıxlıqlı materiallardan hazırlanır. Onlar böyük yük daşısalar da, batmır. Gəminin suda olan hissəsi o qədər su sıxışdırıb çıxarır ki, həmin suyun çəkisi gəminin yüklə birlikdə havadakı çəkisinə və ya ağırlıq qüvvəsinə bərabərdir.
Gəminin suyun altında qalan hissəsinin sıxışdırıb çıxardığı suyun ümumi çəkisi gəminin subasımı adlanır.