• Cismin fazada vəziyyətinin zaman keçdikcə digər cisimlərə nəzərən dəyişməsi mexaniki hərəkət adlanır.
Deməli, hərəkət fəzada və müəyyən zaman müddətində baş verir. Ona görə də hərəkəti təsvir etmək üçün müxtəlif fiziki anlayışlardan və kəmiyyətlərdən istifadə olunur. Bunlar hesablama cismi, hesablama sistemi, maddi nöqtə, trayektoriya, yol, yerdəyişmə, zaman fasiləsi (və ya sadəcə, zaman) və s.-dir. Bu anlayışlar və kəmiyyətlərlə tanış olaq.
Cismin vəziyyətini (hərəkət edib-etmədiyini) araşdırmaq üçün, hesablama cismi adlanan digər bir cisim seçilməlidir.
• Hərəkət hansı cismə nəzərən öyrənilirsə, o, hesablama cismi adlanır.
Elə ola bilər ki, verilən cisim bir hesablama cisminə nəzərən hərəkətdə, digər hesablama cisminə nəzərən isə sükunətdə olsun. Məsələn, əvvəlki araşdırmanı bir daha təhlil edək. Siz əminliklə deyə bilərsiniz ki, hərəkət edən qatarda həm sükunətdəsiniz, həm də hərəkətdə. Sükunətdəsiniz ona görə ki, sizin vəziyyətiniz zaman keçdikcə qatarla bağlı hesablama cisminə (məs.: vaqona, oturacağa, pəncərə şüşəsinə və s.) nəzərən dəyişmir. Eyni zamanda hərəkətdəsiniz, ona görə ki, sizin vəziyyətiniz zaman keçdikcə Yer səthindəki hesablama cisminə (məs.: ağac, elektrik dirəyi, tikililər və s.) nəzərən qatarla birlikdə dəyişir - hərəkət edirsiniz.
Araşdırmadakı II halı da diqqətlə tədqiq etsəniz, görəcəksiniz ki, Yer səthi ilə bağlı hesablama cisminə nəzərən sükunətdə, Günəşə nəzərən isə Yer kürəsi ilə birlikdə Günəş ətrafında hərəkətdəsiniz. Deməli, hərəkət və sükunət nisbidir.
• Hesablama cismi, onunla bağlı koordinat sistemi və zamanı ölçən cihaz birlikdə hesablama sistemi adlanır.
Cismin hərəkətinin öyrənilməsində onun ölçüləri müəyyən rol oynayır. Lakin elə hallar olur ki, cismin ölçüləri nəzərə alınmır və ona maddi nöqtə kimi baxılır. Məsələn, Yer səthindən 10 km yüksəklikdə uçan təyyarənin hərəkəti araşdırılarkən ona maddi nöqtə kimi baxılır, çünki təyyarənin ölçüsü ondan Yer səthindəki müşahidəçiyə qədər olan məsafədən çox-çox kicikdir.
Qeyd. Cismin fəzada vəziyyətini təyin etmək üçün hesablama cismi ilə bağlı koordinat sistemi və zamanı ölçən cihazdan istifadə edilir.
• Verilən şəraitdə ölcüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır.
• Trayektoriya - cismin (maddi nöqtənin) hərəkət edərkən cızdığı görünən və və ya görünməyən izidir. Hərəkət - trayektoriyasının formasına görə düzxətli və əyrixətli olur.
Hesablama cismindən asılı olaraq trayektoriya da nisbidir. Məsələn, helikopter şaquli eniş edərkən onun pərinin uc nöqtəsinin trayektoriyası helikopterdəki sərnişinə görə dairəvi, Yer səthindəki müşahidəçiyə görə isə mürəkkəb spiralvarı görünəcək (b).