Cisim | Kütlə, kq | Hündürlük, m | Təsir edən qüvvə, N | Görülən iş, C |
Çəki daşı | 0,5 | 0,9 | ... | ... |
Çəki daşı | 1 | 0,9 | ... | ... |
Potensial enerjinin asılı olduğu kəmiyyətlər. Cismi Yer səthindən ixtiyari h hündürlüyünə qaldırdıqda ağırlıq qüvvəsinin gördüyü iş:
A = Fa · h = mgh
olur. Bu iş nəticəsində cismin Yerlə qarşılıqlı təsir potensial (Ep) enerjisi artır. Masa səthindəki cismin Yerə nəzərən potensial enerjisi döşəmədəki enerjisindən mgh qədər böyük olur (a):
Ep = mgh.
Düsturdan da göründüyü kimi, potensial enerji cismin kütləsi, Yer səthindən olan hündürlüyü və sərbəstdüşmə təcilindən asılıdır. Eyni hündürlükdə böyük kütləli cismin potensial enerjisi daha böyükdür. Cisim Yer səthindən yuxarı qalxdıqda onun potensial enerjisi artır, aşağı düşdükdə isə azalır.
Deformasiya olunan elastik cisimlərin, məsələn, sıxılan və ya dartılan yayın potensial enerjisi onu təşkil edən hissəciklərin qarşılıqlı təsir enerjisidir. Bu hissəciklərin qarşılıqlı təsir qüvvəsi elastiklik qüvvəsini yaradır (Fel= -kx).