Sürtünmə qüvvəsi. Cisim F→d dartı qüvvəsinin təsiri altında üfüqi müstəvi üzrə düzxətli bərabərsürətli hərəkət edir. Bu hərəkətdə cismə modulu dartı qüvvəsinin moduluna bərabər olan, lakin istiqamətcə onun əksinə yönələn qüvvə də təsir edir. Həmin qüvvə sürtünmə qüvvəsidir.
Bir cisim digərinin üzərində hərəkət edərsə, hərəkətin əksi istiqamətinə yönələn sürtünmə qüvvəsi yaranır. Sürtünmə qüvvəsi F→s kimi işarə olunur, cismə tətbiq edilir, toxunan səthə paralel olaraq hərəkətin əksinə yönəlir. Dartı və sürtünmə qüvvələri arasındakı münasibət müxtəlif ola bilər:
I. Dartı və sürtünmə qüvvələrinin modulları bərabərdir: Fd = Fs. Əvəzləyici qüvvə sıfıra bərabərdir: F = Fd – Fs = 0. Cisim düzxətli bərabərsürətli hərəkət edir.
II. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyükdür: Fd > Fs. Əvəzləyici qüvvə dartı qüvvəsi istiqamətindədir: F = Fd – Fs ≠ 0. Cisim artan sürətlə hərəkət edir.
III. Sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür: Fd < Fs . Əvəzləyici qüvvə sürtünmə qüvvəsi istiqamətindədir: F = Fs – Fd ≠ 0. Cismin sürəti azalır.
Sürtünmə qüvvəsinin üç növü var: diyirlənmə sürtünmə qüvvəsi, sürüşmə sürtünmə qüvvəsi və sükunət sürtünmə qüvvəsi :
Eyni cisim üçün Fsük.s ≤ Fs və Fs > Fdiy.s
Toxunan səthlər arasında diyircəklər olduqda sürtünmə xeyli azalır.