Təbiətdə və texnikada düzxətli hərəkətlə yanaşı, əyrixətli hərəkətlərlə də rastlaşırıq. Avtomobilin döngədə ( a ), planetlərin Günəş ətrafında ( b ), müəyyən hündürlükdən üfüqi atılan topun ( c ) hərəkətləri əyrixətli trayektoriya boyunca baş verir.
Təchizat: kapron ip (30–40 sm uzunluqlu), qələmin
boş gövdəsi, tennis topu.
Araşdırmanın gedişi:
1. İpin bir ucuna düyün vurun, digər ucunu qələm
gövdəsindən keçirib tennis topuna bağlayın.
2. Yoldaşlarınızdan biri qələmi gövdəsindən tutub
topu yavaş, lakin bərabər sürətlə fırlatsın, siz isə
onun hansı trayektoriya üzrə hərəkət etdiyinə fikir
verin ( d ).
3. Top daha böyük sürətlə fırladıldıqda müşahidə
etdiyiniz mənzərəni yoldaşlarınızla müzakirə
edin.
Nəticəni müzakirə edin:
1. Fırlanan top hansı trayektoriya cızır?
2. Topu daha böyük sürətlə fırlatdıqda siz nə müşahidə edirsiniz?
Ən sadə əyrixətli hərəkət çevrə üzrə hərəkətdir. Fırlanan çarx və ya disk üzərindəki nöqtələr çevrə üzrə hərəkət edir. Çevrə üzrə hərəkət zamanı sürətin modulu dəyişə bilər, lakin sadəlik üçün sürətin modulu sabit qalan hərəkətə baxılacaq.