İnsan qulağı yalnız 16 Hs ilə 20 000 Hs arasında olan səs dalğalarını eşidir. Bu dalğalar eşidilə bilən səs dalğalarıdır. Biz eşitmə orqanı və səs vasitəsilə ətraf aləmdən müxtəlif məlumatlar alırıq ki, bunun da sayəsində nitqimiz formalaşır. Odur ki, səsin araşdırılması mühüm elm sahələrindən biridir. Səsi öyrənən elm sahəsi akustika adlanır.
Səs necə yaranır? Səs dalğalarını rəqs edən mənbələr yaradır. Bu mənbələr iki qrupa ayrılır: təbii və süni səs mənbələri.
Təbii səs mənbələrinə – təbiətdəki bütün səslər aid edilir, məsələn, insan, bitki, ağcaqanad, quş, şəlalə, külək, yağış və s ( c ).
Süni səs mənbələrinə kamerton, musiqi aləti, zınqırov, fit və s.-nin səsləri aid edilə bilər ( d ).
Səs dalğaları mühitdə necə yayılır? Musiqi alətindəki simi və ya lövhəni dartıb- buraxdıqda onlar səs çıxarır. Bu səs necə yayılır? Lövhə sağa əyildikdə onun sağ tərəfinə yaxın olan hava molekulları arasındakı məsafə azalır, əksinə, sol tərəfindəki hava molekulları arasındakı məsafə artır.