Mexaniki rəqsləri sinifdə rəqqas adlanan rəqs sistemlərində müşahidə
etmək olar. Belə sistemlərdən ən sadəsi yaylı rəqqas (a) və
ipli rəqqasdır (b).
Mexaniki rəqsləri daha dəqiq araşdırmaq üçün ideal modeldən (real mövcud olmayan)
– riyazi rəqqasdan* istifadə olunur.
Rəqqasların ümumi xassələri
- Rəqqasda tarazlıq vəziyyəti vardır. Bu vəziyyət “O”
hərfi ilə işarə
edilmişdir.
- Rəqqas dayanıqlı tarazlıq vəziyyətindən çıxarıldıqda onu bu vəziyyətə qaytaran
qüvvə yaranır. İpli rəqqasda bu qüvvə – ağırlıq qüvvəsi və ipin gərilmə
qüvvəsinin
əvəzləyicisidir (c), yaylı rəqqasda isə o,
elastiklik
və ağırlıq qüvvələrinin
əvəzləyicisidir (d).
- Tarazlıq vəziyyətinə qayıdan rəqqas ətaləti nəticəsində rəqsi hərəkətini davam etdirir.
Lakin havanın müqaviməti rəqsi hərəkətin tədricən sönməsinə səbəb olur.
Yadda saxla
*Riyazi rəqqas - uzanmayan və çəkisiz sapdan asılan maddi nöqtədir.
Araşdırma-1. Yaylı rəqqasla tanış olaq.
Təchizat: elastik yay, kütləsi 100 q olan yük, ştativ.
Araşdırmanın gedişi:
1. Yayı bir ucundan ştativə bərkidin və sərbəst ucundan yük asın.
2. Yükü azacıq aşağı dartıb-buraxmaqla rəqqasda yaranan prosesi müşahidə edin.
Nəticəni müzakirə edin:
1. Yaylı rəqqasda rəqslər hansı qüvvələrin təsiri altında baş verir? Rəqqasın sxemini
iş vərəqinə çəkin və rəqs zamanı yaranan qüvvə vektorlarını təsvir edin.
2. Yay sıxıldıqda və dartıldıqda hansı qüvvənin modulu böyüyür, hansı qüvvənin
modulu isə dəyişməz qalır?
3. Rəqqasda rəqsi hərəkətin dayanmasına səbəb nədir?