Təbiətdə müşahidə olunan möcüzəli hadisələrdən biri okean və okean dənizlərinin
sularında baş verən qabarma və çəkilmələrdir. Möcüzə ondan ibarətdir ki, bu hadisələr
ilboyu müəyyən vaxtda təkrarlanır.
Məsələn, Atlantik okeanının, Şimal dənizinin və Hind okeanının bəzi sahillərində
təxminən hər 12,5 saatdan bir suyun qabarması, sonrakı 12,5 saat müddətində isə
çəkilməsi baş verir.
Digər möcüzəli təbiət hadisəsi Yer kürəsinin öz oxu ətrafinda fırlanma ritmidir. Yay və qış aylarında gecə və gündüzün uzunluqları müxtəlif olsa da, sutka 24 saatdan nə çox, nə də az olur. Yerin Günəş ətrafında illik dövrü 365 və ya 366 sutka davam edir.
Belə möcüzələrdən biri də bizim orqanizmdir. Belə ki, ömrümüzün sonuna qədər ürək əzələlərinin yığılıb-açılması nəticəsində nəbzimiz vurur və belə ürək döyüntüsü bütün canlılarda mövcuddur.
• Bu möcüzəli hərəkətlərdə ümümi nədir?
Təkrarlanan proseslər fiziki təbiətinə görə müxtəlif olur. Onlardan biri mexaniki rəqsdir.
Mexaniki rəqs nədir?
Belə proseslərdə mexaniki hərəkəti xarakterizə edən kəmiyyətlərin – yerdəyişmə, sürət, təcil və s. qiymətlərinin zaman keçdikcə təkrarlanması baş verir.