Cismi müəyyən hündürlüyə qaldırarkən istifadə olunan mail müstəvi mexanikanın “qızıl qaydası”na görə işdə qazanc vermir. Lakin cismin mail müstəvidə hərəkəti zamanı sürtünmə qüvvəsi yarandığından bu qanunauyğunluq pozulur: cismi mail müstəvi üzrə hərəkət etdirdikdə görülən iş onu həmin hündürlüyə şaquli qaldırarkən görülən işdən böyük olur.
FİƏ tam işin hansı hissəsini faydalı işin təşkil etdiyini göstərir. Tam iş həmişə faydalı işdən böyük olur, çünki bu işin bir hissəsi sürtünmə qüvvəsinə qarşı görülür.
Öyrəndiklərinizi tətbiq edin
Təchizat: dinamometr, kənarına
blok bərkidilmiş tribometr,
tircik, yüklər dəsti (hər birinin
çəkisi 1 N), ştativ, ölçü lenti, sap.
Araşdırmanın gedişi:
1. Tribometri ştativə bərkitməklə mail müstəvi hazırlayın (bax:
əvvəlki dərsin araşdırması ). Mail müstəvinin hündürlüyünü (h) və uzunluğunu (l) ölçüb
iş vərəqində
qeyd edin.
2. Tirciyi mail müstəvinin ətəyinə qoyub üzərində iki yük yerləşdirin. Dinamometri
aşağı dartmaqla tirciyi yüklərlə birlikdə mail müstəvi boyunca bərabər sürətlə hərəkət
etdirərək h hündürlüyünə qaldırın. Bu zaman dinamometrin göstərişinə əsasən F –
dartı qüvvəsini təyin edib iş vərəqinə yazın.