Yəqin, o da vaxtında söz deyib, söz anlayan oğlanmış, özü də lap cavan-cahil, bığ yeri təzə tərləyib, sir-sifəti, görkəmi də pis deyil, di gəl ki, danışdıranda elə bil dünən dünyaya gəlib, yazıq uşaq nə atasının adını bilir, nə anasının, juanjuanların onun başına gətirdikləri müsibəti də xatırlaya bilmir, hardandır, kimlərdəndir, onu da bilmir.
Nə soruşursan dinmir, bircə “hə” bilir, bir də “yox”, bir də qulaqlarınacan keçirdiyi papağından bərk-bərk tutub dayanır. Dəvənin dərisi bəzən ömürlük bitişib qalır manqurtun başında.
Belə manqurt üçün ondan böyük cəza yoxdur ki, deyəsən, gəl başını buğa verib dərini qopardaq. Dəli ayğır kimi çırpınacaq, bir adamı da başına yaxın buraxmayacaq. Belə manqurt heç vaxt papağını çıxartmır, elə papaqda da yatır.
Bu söhbət gedən vaxt bir arvad sövdəgərlərə çay süzürmüş. Demə o, Nayman-Ana imiş... O gecə Nayman-Ana səhərəcən çimir vurmur, başa düşür ki, o manqurt pasibanı Sarı-Özək çöllərində axtarıb tapmayınca, onun öz oğlu olmadığını bilməyincə rahatlıq tapmayacaq. Çoxdan bəri ürəyində gizləyib saxladığı üzücü, qorxulu bir şübhə ana qəlbində yenidən baş qaldırmışdı: oğlu döyüş meydanında həlak olub, ya yox?
Onun oğlu Sarı-Özək torpaqlarında juanjuanlarla döyüşdə həlak olmuşdu. Əri də bir il əvvəl öldürülmüşdü. Naymanlar arasında ad çıxarmış, sayılan kişilərdən biriymiş. Oğlu döyüşə getmişdi ki, atasının qisasını alsın. Döyüşdə düşmənlə üz-üzə gəlib sinələşəndə görüblər ki, onun oğlu yıxılıb atın boynuna, döyüşün hay-həşirindən hürkən qızğın at götürülüb, oğlan duruş gətirə bilməyib yıxılıb, bir ayağı ilişib üzəngiyə, atın böyründən asılı qalıb. At oğlanın cansız cəsədini sürüyə-sürüyə üz tutub çölə... Tərslikdən at düşmən tərəfə qaçıb.
Naymanlar bir neçə gün dalbadal çölü gəzib axtardılar ki, oğlanın ölüsünü tapsınlar, bir şey çıxmadı. Nə meyitini tapdılar, nə atını, nə də silahını-yarağını, nə iz vardı, nə əlamət... Onun həlak olduğuna heç kimdə şəkk-şübhə yox idi, çünki yaralı olsaydı belə, bu neçə gün ərzində ya qan itkisindən, ya da susuzluqdan ölərdi.
O gündən Nayman-Ana üçün bu bomboş dünyada bomboş günlər başladı. O başa düşürdü ki, davada həlak olanlar olur, intəhası oğlunun meyitinin döyüş meydanında atılıb qalmağı, basdırılmamağı ona rahatlıq vermirdi.Bu qara fikirləri özündən rədd eləmək üçün oğlunun öldüyünə gərək öz gözləri ilə görüb inanaydı.
Ona hər şeydən çox şübhə gətirən oğlunun atının yerli-dibli yoxa çıxmağı idi, at ölməmişdi, at hürküb qaçmışdı.
Bütün ilxı atları kimi, o da gec-tez üzəngiyə ilişmiş ölünü sürüyə-sürüyə öz ilxısına qayıtmalı idi.
Onda nə qədər dəhşətli olsa da, atın sürüyə-sürüyə gətirdiyi bu ölünün üstə ağlayar, üz-gözünü cırardı. Əvəzində ürəyindəki bütün şübhələri birdəfəlik çıxardıb atardı.
Ancaq nə fayda ki, nə oğlunun meyiti tapıldı, nə də at qayıtdı. Qəbilə camaatı bu hadisəni yavaş-yavaş unutmağa başlayırdı, çünki zaman keçdikcə, hər şey silinib, unudulub gedər... Bircə ana təskinlik tapıb unuda bilmirdi.
O gəlmə sövdəgərlərin heç birinin ağlına gəlməzdi ki, o cavan manqurt haqqında dedikləri sözlər Nayman-Ananın qovrulan ürəyinə təzə bir qığılcım salacaq. Ana başa düşdü ki, ta o manqurtu tapmayınca, onun öz oğlu olub-olmadığını bilməyincə sakitlik tapmayacaq.