“Yaddaşdan məhrum edilmiş, öz xalqının tarixi təcrübəsini yadırğamış insan tarixi inkişafdan kənarda qalar, yalnız bu günlə yaşaya bilər”.
Yada salın.
- Vətənimizin, xalqımızın tarixi keçmişinə həsr olunmuş hansı əsərləri xatırlayırsınız?
- Bu əsərlərdə diqqətinizi ən çox çəkən nə olub?
- Onlarda sizi təəccübləndirən, heyrətləndirən əhvalat, hadisə olubmu?
Əsəri oxuyarkən tövsiyələrə əməl etməyə çalışın.
- | İlk üç parçanı oxuyun. Bunu fərdi səssiz oxu şəklində, yaxud səsli oxunu dinləməklə yerinə yetirə bilərsiniz. |
- | Mətnkənarı suallara diqqət edin, cavabları üzərində fikirləşin, bu, mətni başa düşməyinizə kömək edəcəkdir. |
- | Aydın olmayan məqamların üstündən keçməyin, fikrinizi parta yoldaşınızla bölüşün. |
- | Tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın. |
- | Bədii təsvir vasitələrini müəyyənləşdirin. |
Düşünün, sonuncu dərsdə müzakirə edin.
Soykökünə bağlı olmayan, ana dilində danışmaq istəməyən insanlar haqqında
nə bilirsiniz? Bu cür insanlara başqalarının münasibəti necə olur?
(“Gün var əsrə bərabər” əsərindən)
(ixtisarla)
Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. İlk olaraq rəvayət belə başlanırdı ki, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən əsgərləri ilə çox amansız rəftar eləyirmişlər. İmkanları olanda əsiri qonşu ölkələrə qul kimi satarmışlar, bu da əsir üçün xoşbəxtlik hesab olunurmuş. Çünki ümid yeri qalırdı, kim bilir, bəlkə, elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı...
Juanjuanların özləri üçün qul kimi saxladıqları əsirləri isə dəhşətli tale gözləyirdi. Onlar öz qurbanlarının başına zif keçirib dözülməz işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişlər. Bu işi, adətən, davada əsir alınmış cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını qırxırmışlar, tükləri bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb qurtaranacan juanjuanların təcrübəli qəssabları lap yaxında qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda, əvvəlcə onun ən ağır və möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqə də hissələrə bölüb, buğlana-buğlana başı qırxılmış əsirlərin başına keçirərmişlər, dərinin çəkilməyi ilə saqqız zifi kimi yapışmağı bir olurmuş – bir növ indiki üzgüçülük papaqları kimi. Başına belə iş gətirilən adam ya ağır işgəncələrə dözməyib ölür, ya da ömür-billah yaddaşını itirib manqurt olurmuş - yəni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş.