Biz Təbrizə gəldik. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət vardı. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü. Elə birinci gün köhnə həyətimizə getdim, Səlimə xanımı gördüm. Alnımdan öpdü, anamı xəbər aldı, ağladı. Azadı soruşdum.
− Təbrizdə yoxdur, − dedi, – Zəncana gedib, demokrat düzəltməyə göndəriblər... Axı indi o da demokratdır. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq. Hamıya iş verək, hamının çörəyi olsun. Uşaqlar öz dilimizdə oxusun.
Xalq konqresi qurtaran kimi mən kəndə qayıtdım. Bir müddət sonra təşkilatın işlərini təhvil verdim. Anamı götürüb Təbrizə köçdüm. Yenə də köhnə evimizi kirayə etdik. Anam başqa yerə getmək istəmədi − əvvəldən öyrəşmişəm, Səlimə xanım da ordadır, − dedi. Mən də razı oldum. Səlimə xanım bizim gəlişimizdən çox sevindi. Azadın iyini sizdən alıram, – deyib ağladı. Anam ona təskinlik verdi:
− Nə olacaq, − dedi, – İnşallah, tezliklə Azad da qayıdar.
Təbrizə köçəndən sonra işdən başım açılmırdı. Gecələri də Mərkəzi Komitədə işləyirdik. Məclis və dövlət işini tərtibə salır, kəndlərdə demokrat təşkilatlarını möhkəm bir qayda və nizam üstündə qurmaq tədbirləri görürdük. O günlər bizdə təsvirəgəlməz ruh yüksəkliyi vardı. Elə bil ki qüvvəmiz də birə-min artmışdı. Yorulmaq bilmirdik. İşlərin bu şiddətli zamanında Zəncandan pis xəbərlər gəlirdi. Tehran mürtəceləri və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda Mərkəzi Komitə bir neçə yoldaşımızı Zəncana göndərməyi qərara aldı. Göndərilənlərin içində mən də vardım.
Biz Zəncana çatanda şəhər demokratların əlində idi. Mürtəcelər cənub tərəfdəki kəndlərdə terror yaradır, Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikrini pozmaq üçün Zəncanın demokrat hökuməti fədailərdən bir neçə dəstə cənuba göndərmişdi...
Azadın bu dəstələrdən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim...
Həmin gecəni biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq... Azad fədailəri uzun müddət kəndin ətrafında açıqlıqda, soyuq havada saxlamağın çətinliyini görərək dörd tərəfdən kəndə hücuma keçmişdi... Bərk atışma gedirdi, fədailərdən bəziləri hətta kəndin içinə girmişdi. Bir neçə saat sonra qaş qaralanda şərq tərəfdən Azad özü qabaqda olmaqla fədailər kəndə doluşdular. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq... Mən tez özümü ona çatdırmağa çalışdım. Bu, mənim beş illik ayrılıqdan sonra onunla ilk və son görüşüm oldu. Onu kənd evlərindən birində bir fərşin üstə uzatmışdılar. Çuxasını üstünə salmış, tüfəngini yanına qoymuşdular. Onun ətrafında halqa vurmuş fədailərdən kimisi oturmuş, kimisi əmrə müntəzir durmuşdu... Mən içəri girən kimi onun üzünə baxdım. Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı. Mən yavaş addımlarla onun başı üstünə gəldim, diz çöküb əlini əlimə aldım, alnından öpdüm:
− Azad, sənə nə olub?