Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış yırtıq həsir – gözünü açdığı gündən gördüyü bu idi. Azad doğulmamışdan iki ay əvvəl atası ölmüşdü... Anası Səlimə xanım evdə tək qalmışdı... Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev-eşiyini təmizlər, birinin paltarını yuyar, birinə yun çırpardı... Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o, Azadı böyütmüşdü...
Dünyada yeganə ümidi və həyatının məqsədi o idi... Ondan əziz, ondan mehriban bir şeyi yox idi. Səlimə xanım Azadı yalnız bir oğul kimi yox, həm də dünyada bir pənah, bir qohum, bir ata, bir qardaş kimi istəyirdi.
Yaxşıca yadımdadır... Bizim beş-altı yaşımız olanda hər axşam Səlimə xanım yatmamışdan qabaq bizə nağıl danışardı... Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı...
İki il o mənimlə bir məktəbə getdi... Orada da o heç kəsə qoşulmaz, tənəffüslərdə bütün uşaqlar bir-biri ilə oynaşdığı halda, o, bir küncdə durub baxardı. Müəllim ona bir sual verərsə, qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şeyi belə söyləyə bilməzdi.
Doqquz yaşı olanda anası onu oxuda bilməyib məktəbdən aldı. Qonşuların köməyi və yalvar-yaxarla Təbrizin Liləvan məhəlləsindəki kiçik bir dükanda dərzi şagirdliyinə düzəltdi.
İllər gəlib keçdi, mən orta məktəbi qurtardım, o, dərzi dükanında qaldı. Onun dərzi şagirdi olması, təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Əksinə, böyüdükcə bizim ünsiyyətimiz daha da artdı. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni haldan çıxardığı bir zamanda o, bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun adi halını pozmazdı.
Acıqlı olduğum günlərdən birisi yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab bizi evdən qovmaqla təhdid etmişdi. Pul yox idi. Qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim.
– Azad, − dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirilikdir? Azad! İşləməyə yer yox, danişgahda oxumağa imkan yox, oğurluqmu edim, qardaş?
Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz? Nəyə gücüm çatmaz? Vallah, od dəryasını yar keç desələr, keçərəm.
Bəs indi də işləməyəndə mən nə zaman işləyəcəyəm?
O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb ani olaraq üzümə baxdı, yenə iynəsini götürərək öz işi ilə məşğul oldu. Söz buna çatan kimi o, iynəsini yerə qoyub sakit nəzərlərini mənə çevirdi...
Mən xeyli danışdım, Azad heç dodaqlarını da tərpətmədi... Gözlərini bir nöqtəyə dikib durdu... Mən onun heç bir zaman, heç bir şey başa düşməyəcəyi bir aləmdən danışdığımı güman etdim.