Onun qələmi həmişə cilalı və parlaqdır. Həyatımızın elə sahəsi yoxdur ki, qələmi ora nüfuz etməsin. Kənd, şəhər, müharibə, sülh və s. mövzularda yazdığı əsərlərlə oxucuların rəğbətini qazanmışdır.
Mir Cəlal
Yada salın.
- | Cənubi Azərbaycan, orada baş vermiş milli-azadlıq hərəkatı barədə nə bilirsiniz? |
- | Cənub mövzusunda hansı əsərlərlə tanışsınız? |
- | Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub? |
- | Hekayə janrına məxsus hansı cəhətlər yadınızdadır? |
- | Bu janrda əsərlərin oxusunda nələrə diqqət yetirdiyinizi yada salın. |
Əsəri oxuyarkən tövsiyələrə əməl etməyə çalışın.
- | İlk üç parçanı oxuyun. Bunu fərdi səssiz oxu şəklində, yaxud səsli oxunu dinləməklə yerinə yetirə bilərsiniz. |
- | Mətnkənarı suallara diqqət edin, cavabları üzərində fikirləşin, bu, mətni başa düşməyinizə kömək edəcəkdir. |
- | Aydın olmayan məqamların üstündən keçməyin, fikrinizi parta yoldaşınızla bölüşün. |
- | Tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın. |
- | Bədii təsvir vasitələrini müəyyənləşdirin. |
(ixtisarla)
Azad mənim uşaqlıq və gənclik yoldaşım idi... Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişdik... Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişdik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq...
İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şeydi...
Yoldaşlar arasında çox vaxt onu adı ilə çağırmazdılar. “Sükuti”, – deyib durardılar... Hətta sonradan tanış olanlar adının Azad olduğunu da bilməzdilər. Sükuti gəldi, Sükuti getdi - deyərdilər.
Bəzən mənə elə gələrdi ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Axı o, dünyaya gəldiyi gündən xoş bir gün görməmişdi...