Artıq internat məktəbinin qarşısında düşmən əsgərləri qaynaşırdı. Deyəsən, səhər yoxlamasından keçirdilər. Bu arada ora bir qara “Niva” markalı minik maşını da gəlmişdi. Yəqin, içindəki yüksək çinli zabitlərdəndi. Handan-hana maşından düşdü. Onu görəndə əsgərlər farağat komandası ilə yerlərində bir müddət hərəkətsiz qaldılar. Bir nəfər qaçaraq ona yaxınlaşdı. Əvvəl əlini gicgahına aparıb hərbi qaydada salamladı. Sonra bir-birilə əl tutdular. Birlikdə binanın girəcəyinə tərəf addımladılar. Çox çəkmədi, yolda bir “KamAZ” maşını da peyda oldu. Sürətlə binaya yan aldı. Əsgərlər onun yük yerindən bir neçə yaralı düşürdülər. Yaxında, Füzuli tərəfdə döyüşlər gedirdi. Yəqin, ordan gətirmişdilər. Ardınca kəşfiyyatçıların “təminat” yolu adlandırdığı yolda bir köhnə “UAZ”, xaçşəkilli təcili yardım maşını göründü. Yaralıları daşıyıb ona yığdılar. Maşın gəldiyi yolla da geri qayıtdı.
Növbəylə sürünə-sürünə arxasında düşmən snayperinin gizləndiyi qayaya yaxınlaşdılar. Biri gedəndə o biri yerində dayanıb ətrafı müşahidə edir, onu qoruyurdu. Qayanın arxasına keçəndə gözlərinə inanmadılar. Düşmən burda özünə əməlli-başla bir sığınacaq, şərait yaratmışdı. Qəribədir ki, heç bir rabitə aparatı yoxuydu. Ağzıaçıq içki şüşəsi ayağı yanında düşüb qalmışdı...
Silah-sursata ehtiyacları yoxdu. Çörəyi, kolbasanı, konserv qutularını götürdülər. İki şüşə suyu qumqumalarına boşaltdılar. Əsas suydu.
Bütün günü internat məktəbini müşahidə altında saxladılar. Dörd “KamAZ” yük maşınını, bir qara “Niva”nı, iki yüzdən artıq canlı qüvvəni, beş tankı, dörd topu qeydə aldılar. Toplar internat məktəbinin o biri tərəfindəki uçuq-sökük binanın divarları arasında qurulmuşdu. İlk baxışdan görmək mümkün deyildi.
Komandir hazırladığı məlumatı rabitə aparatı vasitəsilə qərargaha ötürdü. Cavab çox qısa oldu: “Müşahidəni davam etdirin!”
Yaşar Arifə tərəf dönmədən dedi:
- Məncə, bunlar hələ hamısı deyil. Düşmənin əsas texnika və canlı qüvvəsi şəhərin şərq hissəsində olmalıdı.
- Nəyə görə belə düşünürsünüz?
- Şəhərə əsas giriş şərqdəndir, - izah etdi. - Düşmən bizim həmin istiqamətdən hücuma keçəcəyimizə əmindi, oranı möhkəmləndiriblər.
Şəhərin şərq tərəfindəki vəziyyəti öyrənmək üçün ora getməliydilər. Havanın qaralmağını gözlədilər. Birdən tək-tük yağış atmağa başladı. Arif dedi:
- Çobanaldadana oxşayır.
Ancaq proqnozu özünü doğrultmadı. Yağış get-gedə daha da gücləndi. Daldalanmağa yer yoxdu. Tamam islandılar...
Gecəyarısı sürünə-sürünə, yarıuçuq evlərin xarabalıqlarında gizlənə-gizlənə özlərini şəhərin mərkəzinə çatdırdılar. Əslində, bu məsafə, çox olsa, on-on beş dəqiqəlikdi. Amma indi onu nə az, nə çox, düz bir saata başa vurmuşdular.
Keçmiş polis idarəsinin qarşısında iki-üç döyüş maşını, dörd tank, səkkiz yük maşını, iki “Niva” vardı. Onlardan biri internat məktəbinin qarşısında gördükləriydi. Adətən, canlı qüvvə yük maşınlarının sayına görə hesablanırdı. Belə götürəndə, burda düşmənin canlı qüvvəsi üç yüzə yaxınıydı.
***
Erməni döyüşçüləri aşağıda topa-topa dayanıb siqaret çəkir, danışır, səksəkə içində ətrafa boylanırdılar. Səsləri aydınca eşidilirdi. Ancaq nə danışdıqlarını başa düşmək çətiniydi.