- Neçə saatdı yol gəlirik?
- Dörd saatdan artıqdı.
Özləri ilə götürdükləri yeməkdən yüngülcə yedilər. Qumqumalarındakı sudan bir neçə qurtum içdilər. Qabaqda buna imkan olmaya da bilərdi.
- Mənim hesablamama görə, - Yaşar dedi, - heç bir əngəl-filan çıxmasa, ya da azmasaq, nəzərdə tutulan yerə vaxtında çatacağıq.
- Sizin kimi komandirlə yolu azmaq mümkün deyil! - Arif vurğuladı. O saat da sözlərinin yersiz tərif kimi səsləndiyini anlayıb qəlbində özünü qınadı.
- Mən Allahın bacısı oğlu deyiləm, - Yaşar dedi. - Kəşfiyyat hər an sürprizlərlə doludu. Çox vaxt sən bir xəyal qurursan, əvəzində, başqa bir şeylə rastlaşırsan. Hər şeyə hazır olmalıyıq.
Çayın içi ilə üzüyuxarı gedirdilər. Su soyuqdu. Səs salmamaq üçün addımlarını ehtiyatla atırdılar. Çayın sahilində adam boyu qalxmış qamışlıq onları kənar gözdən qoruyurdu. Qıraqdan görünmək ehtimalı azdı.
Arif nəzərlərini komandirindən ayırmır, geri qalmamağa çalışırdı. Qamışlığın nisbətən seyrək olduğu ərazilərdə əyilərək addımlayırdılar. Ağır yükün altında, üstəlik suyun içi ilə bu cür getmək yorucuydu. Amma məcburdular.
Araz çayının o biri sahilində sıralanmış Cənubi Azərbaycan kəndlərinin işıqları ulduz kimi sayrışırdı. Arazın bu tərəfində isə işıq, yaşayış qəhətə çəkilmişdi. Hara baxırdın, xaraba kəndlərdi. Ermənilər evlərin içini, çölünü talamış, yararlı nə vardısa, hamısını daşıyıb aparmış, daşını daş üstə qoymamışdılar...
Tezliklə quruya çıxdılar. Sürətlə qərb istiqamətində irəlilədilər.
- Bir-birimizdən ən azı on addım aralı getməliyik, - Yaşar xəbərdarlıq etdi. - Burada mina təhlükəsi daha çoxdur.
Hər tərəf kolluq, daşlıq-qayalıqdı. Qaranlıqda yol-riz çətin seçilirdi. Çox da gecəgörmə cihazları ilə hərəkət edirdilər. Düşmən həddən artıq məkirli, hiyləgərdi. Ağaclardan, kollardan “sürpriz minalar” asır, ağaclar arasında qaranlıqda gözlə görünməyən nazik tel çəkirdilər. Təsadüfi toxunuş insanın həyatı bahasına başa gəlirdi.
Yaşar qabaqda ehtiyatla minaaxtaranla gedirdi. Arif onun ardınca addımlayırdı. Səhərə yaxın Cəbrayıl şəhərinin qərb tərəfində yerləşən, “Qurban təpəsi” deyilən məşhur yerə çatdılar. Buradan qəbiristanlığa keçmək çətin olmadı. Gecəgörmə cihazları ilə ətrafa göz gəzdirdilər. Qəbirlər yerlə-yeksan edilmişdi. İşğalçı ermənilər mərmər başdaşılarının hamısını çıxarıb aparmış, qalanlarını sındırmış, bir neçə yerə bölmüşdülər.
Bir qəbir, bir başdaşı da salamat qalmamışdı. Dağılmış qəbirlərin ətrafı insan sümükləri ilə doluydu. Belə bir şey indiyəcən nə oxumuş, nə də eşitmişdilər. Kəşfiyyatçılar bu ağlasığmaz mənzərənin qarşısında donub qalmışdılar.
Özlərinə gələ bilmirdilər. Dişlərini bir-birinə bərk-bərk sıxan Arif birdən özünü tamam unudaraq ucadan dedi:
- İlahi! Görəsən, yer üzündə belə bir vəhşi xalq yenə varmı?
Öz səsinə özü də diksindi, ona elə gəldi ki, səsi səsgücləndirici ilə deyilmiş kimi hər tərəfə yayıldı, dağda-daşda əks-səda verdi. Amma komandir buna görə onu qınamadı. Sakitcə:
- Bunun hayıfını onlarda qoymayacağıq. Qisas qiyamətə qalmamalıdı! - dedi.
Artıq dan yeri sökülməkdə, üfüq ağarmaqdaydı. Bir azdan günəş doğacaq, gecə ilə gündüzün çarpışması həmişə olduğu kimi, gündüzün xeyrinə başa çatacaqdı.