Qırat Alapaçanın səsini eşitcək dayandı. Koroğlu nə qədər elədisə, at yerindən tərpənmədi. Koroğlu qanrılıb geriyə baxdı ki, görsün, Giziroğlu uzaqdadı, yaxında, bir də onu gördü ki, təpəsinə bir əmud dəydi. Koroğlu özünü atın üstündə saxlaya bilməyib təpəsi üstə yerə gəldi, yumbalanıb çaya düşdü. Giziroğlu tez əlindəki əmudu yerə atıb qılıncını çəkdi ki, düşüb onun başını kəssin, Koroğlu cəld sudan çıxıb onun öz əmudunu götürdü, Giziroğlunun təpəsinə elə bir əmud vurdu ki, bu dəfə də Giziroğlu dığırlanıb çaya düşdü. Cəld qalxıb sudan çıxmaq istəyəndə Koroğlu əlini uzadıb yapışdı onun əlindən, çəkib çıxartdı bayıra. Ondan əl atdı misri qılınca ki, dava başlasın, Giziroğlu dedi:
– Koroğlu, əl saxla! Sənin mənimlə bir ədavətin-zadın yoxdu ki?
Koroğlu dedi:
– Mənim xeyr. Sənin mənimlə ədavətin var.
Giziroğlu dedi:
– Yox, mənim də yoxdu. Mən istəyirdim biləm, görəm, sən güclü olarsan, ya mən? Onu da ki gördüm. Day bundan sonra bizim vuruşmağımız axmaqlıqdı. Əl ver, dost olaq!
Koroğlu ilə Giziroğlu əl verdilər, görüşdülər, öpüşdülər, bir-biri ilə dost olub ayrıldılar.
Giziroğlu oradan birbaş gəlib çatdı öz adamlarına. Soruşdular ki: “Nə oldu? Hanı Koroğlunun başı?”, Giziroğlu əhvalatı necə olmuşdusa, onlara danışdı. Adamların arasında pıçapıç başlandı ki, bəs yalan deyir. Giziroğlu nə qədər dedisə, inanmadılar. Axırda qəzəblənib dedi:
– İndi ki belə oldu, gəlin gedək lap Çənlibelə, soruşun onun özündən. Əgər o, mərd adamdırsa, düzünü deyər. Yox, əgər namərdlik eləsə, yalan danışsa, mən lap sizin gözünüzün qabağında onunla vuruşum, siz də tamaşa eləyin.
Hamı bu sözə razı oldu. Atlanıb Çənlibelə tərəf yol başladılar. İndi eşidin dəlilərdən. Dəlilər at sürdülər, yol yordular, səhər dan yeri təzəcə söküləndə gəlib Çənlibelə çatdılar. Xanımlar qabağa çıxdılar. Kosa Səfər uzaqdan Nigar xanımı görcək qışqırdı ki:
– Nigar xanım, bircə de görüm, Koroğlu gəlib, ya yox?
Nigar xanım dedi:
– Yox. Gəlməyib.
Kosa Səfər dedi:
– Çox yaxşı. Axırı ki, heç olmasa, bircə dəfə mərci biz apardıq. Mənzil başına ondan tez gəldik.
Elə bu dəmdə Qırat bərk kişnədi. Dönüb gördülər Qırat yağı qoruğunda otlayır. Koroğlu da böyrü üstə göy otun üstündə uzanıb gülə-gülə deyir:
– Haradasınız? Sizi gözləməkdən gözümün kökü saraldı ki...
Kosa Səfər dedi:
– Genə mərci sən uddun!
Koroğlu dedi:
– Mərci mən uddum. Ancaq bizim bir adətimiz də var axı. Həmişə mənzilbaşında kim mənə hamıdan qabaq salam versə, mən ona yüz qızıl verərəm. O başdan hərənizə yüz qızıl borcluyam.