T.Salahov. “Koroğlu”
Dünya Koroğlunun gözündə qaraldı. Əlini atıb Qıratın yüyənindən tutdu. Elə qəzəblə ata sıçradı ki, Qıratın əvəzin ayrı bir at olsaydı, çoxdan beli sınmışdı. Koroğlu dedi:
– Mən getdim. Siz dalımca gələrsiniz, Bağdad bağlarında sizi gözləyəcəyəm. Kim səhər tezdən hamıdan qabaq gəlib mənə salam versə, yüz qızıl alacaq.
Bunu deyib atın başını boşladı. Qırat iki dal ayaqları üstə qalxdı, Bağdad tərəfə üz qoydu.
Dəlilər tələm-tələsik hazırlaşdılar. Yaraqlanıb, yasaqlanıb yola düşdülər. Səhər dan yeri söküləndə Koroğlu bir də gördü ki, Dəli Mehtər, Kosa Səfər, Çopur Mehdi, İsabalı, Tüpdağıdan, Toxmaqvuran, Halaypozan, Tanrıtanımaz, Dilbilməz onun qabağında əl qılıncda dayanıblar. Belə baxanda gördü ki, Bağdad bağlarında xurmanın sayı var, amma dəlilərin sayı yoxdu. Koroğlu dəlilərə hay vurdu, hamı atlandı. Yavaş-yavaş şəhərə tərəf sürməyə başladılar.
Bir az getmişdilər, gördülər, bir qoca kişi taxıl biçir. Amma elə ağlayır, elə ağlayır ki, yaş gözündən dolu kimi tökülür.
Koroğlu yaxın gəlib soruşdu:
– Ay əmi, niyə ağlayırsan?
Qoca heç başını da qaldırmayıb dedi:
– Neynirsən? Səndən ki mənim dərdimə dərman olmayacaq, çıx yolunla get!
Qoca sözü nə qədər yayındırmaq istədisə, Koroğlu əl çəkmədi. Kişi gördü olmayacaq, axırda dedi:
– İndi ki əl çəkmirsən, qabaqca mənə de görüm, sən kimsən? Bu başındakı dəstə-tifaq nədi?
Koroğlu dedi:
– Mən Muradbəyli tərəflərdənəm. Buradan mal almağa gəlmişik. Yollar şuluqdu deyin belə yaraqlı-yasaqlı gəlmişik.