Sonra üzünü mehtərbaşıya tutub dedi:
– O iki atı ilxıya qat! Bu ələngəni də ver o qoruqçuya. Qoy aparıb minsin. Genə ayağını yerdən götürər.
Qıratı verdilər qoruqçuya. Aslan paşanın hərəkəti qoruqçuya yaman dəymişdi. O, gətirdiyi xəbərə görə ənam gözləyirdi. Xələt gözləyirdi. Odu ki qoruqçu yaman pərt olmuşdu. Xoca Əziz işi belə görəndə ürəyində Qırata “afərin” dedi. Sonra camaatı yarıb özünü qoruqçuya yetirdi. Dedi:
– Ayə, qoruqçu, neçə verim bu yabıya?
Söz qoruqçunu lap götürdü. Başladı söyüb savaşmağa. Xoca Əziz onu danlayıb başladı dəlil-dəlayil eləməyə ki: “Balam, day bizi niyə söyürsən? Biz nə günahın sahibiyik?”
Qərəz, o yan-bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırdı. Atalar deyiblər ki, tacir-tüccar dili ilanı yuvasından çıxardar.
Axırı ki, Xoca Əziz bir az pul verib Qıratı qoruqçudan aldı. O qədər gözlədi ki, qaş qaraldı. Ocağı asıb qır-saqqızı tökdü tiyana, əridib elədi mum kimi.
Sonra bunu bezin üstünə sürtüb möhkəm-möhkəm sarıdı
Qıratın belinə, özü də çıxıb oturdu üstündə. Qır-saqqız Xoca Əzizi elə
tutdu ki, kəndirqayış kimi.
Elə ki Xoca Əziz arxayınlaşdı, bildi ki, day
yıxılmayacaq, atın başını balaca boşladı. At götürüldü, nə götürüldü.
Yazıq Xoca Əzizdə nə Xocalıq qalmışdı, nə də Əzizlik. Bayaq ha huşunu
itirdi. At nə qədər yol getdi – bilmədi, necə getdi, bilmədi. Bir də at bərk
kişnədi. Xoca Əziz atın səsinə gözlərini açıb gördü Çənlibeldədi.
Dəlilər Qıratın səsini eşitcək tökülüb gəldilər. Qırat süzüb düz Koroğlunun qabağında dayandı. Üzünü gəldiyi tərəfə tutub elə kişnədi ki, dağ-daş lərzəyə gəldi. Koroğlu vəfalı atının başını qucaqlayıb üzündən-gözündən öpdü. Baxdılar ki, atın üstündə bir adam var, amma özündə deyil. Yapışdılar qolundan ki, düşürsünlər. Ha çəkdilər, qopmadı ki, qopmadı. Axırda baxıb gördülər ki, özünü qır-saqqızla ata yapışdırıb. Kişini elə bezqarışıq atdan götürüb yerə qoydular. Koroğlu baxdı ki, Xoca Əzizdi. Di su-zad, Xoca Əziz özünə gəldi. Koroğlu soruşdu:
– Bu nə əhvalatdı?
Xoca Əziz dedi:
– Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi Aslan paşa tutub zindana salıb. Özünü tez yetirməsən, bir də onların üzünü görməyəcəksən.
Elə bil dəlilərin üstünə su səpdilər. Xanımlar hamısı başlarını aşağıya saldılar. Koroğlu dönüb Nigara baxdı. Gördü, vallah, Nigar bir haldadı, bir haldadı ki, alma yanaqları Səmərqənd kağızı kimi ağarıb.
Ala gözləri bahar buludu kimi dolub. Yaqut dodaqlar bir dəqiqədə elə solub, elə bil lalədi, şaxtaya düşüb.