Ac sərçə, yəqin, xəstə idi, ya zədəli idi, uça bilmirdi. Maşınlar yavaş-yavaş sürətini artırırdı. Şaşırıb qalmış o iki qız küçənin ortasında çörək qırıntısını dimdikləyən o sərçəyə baxa-baxa bir-birinə tələsik nəsə deyirdi. Mən onların nə dediyini eşitmirdim, amma bir şey tamam aydın idi ki, qızlar bərk həyəcanlanmışdılar və o həyəcan daha o uzun yalançı kirpiklər üçün yad, yabançı bir şey deyildi. Onların həyəcanı mənə də sirayət etdi və mən də maşının pəncərəsindən boylanıb ətrafında maşınlar ötüşən o sərçəyə baxdım.
Yaşıl işıq yanmışdı. Qabaqdakı ağ maşın sərçənin lap yanından ötdü. Qızlardan biri cəld səkidən düşüb küçənin ortasında çörək qırıntısını təpişdirən o sərçəyə tərəf qaçdı və bir əlini maşınların qabağında yelləyə-yelləyə – yəni ki bir dəqiqə gözləyin! – o biri əlini aşağı uzadıb sərçəni götürmək istədi və bu zaman... həmin ac sərçə “pır-r-r” eləyib qızın əlinin altından havaya qalxdı və sürətlə göyə baş vurub gözdən itdi.
Qız əvvəlcə məəttəl qaldı, sonra gülə-gülə rəfiqəsinin yanına qayıtdı və ikisi də yoluna davam etdi.
Bizim maşın da yerindən tərpəndi. Mən geri çevrilib arxa şüşədən bu iki qızın ardınca baxdım. Onlar gedirdi və bütün görkəmləri ilə, yerişləri, gülüşləri, o yalançı uzun kirpikləriylə yenə aləmə meydan oxuyurdu və heç kimin ağlına gəlməzdi ki, o gözlərdə o cürə sərçə nigarançılığı ola bilər və o qızlar eləcə həyəcanlana bilər...
____________________
İfadəli oxuda istifadə edilən