İlyas Əfəndiyev
İZ İLƏ
Cəfərlə Nadir qış imtahanlarını verib bütün dərslərindən beş aldıqları üçün çox sevinirdilər. Onlar sözü bir yerə qoydular ki, aldıqları qiymətləri aparıb kolxoz fermasında olan atalarına göstərsinlər. Fermanın qış binələri kəndin on kilometrliyində, Qayadaş meşəsinin yanında yerləşmişdi. Cəfərlə Nadir səhər tezdən çörəklərini yeyəndən sonra binəyə getdilər.
Axşamüstü çobanlar sürüləri örüşdən gətirdilər. Cəfərlə Nadir qış tətilinə buraxıldıqlarını atalarına söyləyib dərslərindən aldıqları qiymətləri onlara göstərdilər. Çobanlar da çox sevinib uşaqları təriflədilər. Cəfərin atası Muradxan hərgünkü kimi bu gün də sürüləri yoxlamağa başladı, qoyunun hamısını yoxlayıb qurtarandan sonra məlum oldu ki, sürüdəki damazlıq merinoslardan biri yoxdur.
– Yəqin, gəzib meşədə qalıb. Mən bu gün sürünü Qayadaş meşəsinin yanındakı düzdə otarırdım. Gedim qaranlıq düşməmiş tapım, – deyə pərt olmuş çoban Qulu çomağını çiyninə alıb meşəyə tərəf getdi.
– Dayan, səninlə bir adam da getsin, bəlkə, tək tapa bilmədin, – deyə baş çoban Muradxan arxadan onu səslədi.
– Ata, qoy biz də onunla gedək, – deyə Cəfər xahiş elədi.
Atası etiraz eləmədi:
– İstəyirsiniz, gedin.
Uşaqlar çoban Qulunun ardınca yüyürdülər. Onlar gəlib meşənin yanına çatanda çoban Qulu dedi:
– Uşaqlar, hamımız bir yerdə axtarsaq, tapa bilmərik. Siz o tərəfə gedin, mən də bu yana. Ancaq meşənin içərilərinə tərəf çox uzaqlaşmayın. İndi canavarların pis vaxtıdır, bir şey olsa, məni səsləyin.
Uşaqlar: – Yaxşı, – deyə meşəyə yüyürdülər. Birdən Cəfər diqqətlə yerə baxıb, nəm torpaq üzərində qoyun ayağının izlərini gördü.
– Bura bax, Nadir, – deyə o, izi göstərdi, – görürsənmi, aşağıdan gəlib bu tərəfə burulub.
Uşaqlar izi tutub getməyə başladılar. Bu vaxt lap yaxında bir şaqqıltı eşidildi. Qarağat kolları tərpəndi, uşaqlar bərk qorxub dayandılar. “Əgər canavardırsa, bu saat üstümüzə atılacaq”, – deyə Cəfər fikirləşdisə də, bu barədə yoldaşına heç bir söz demədi. Səhər atasına gətirdiyi kibritlərdən biri onun cibində idi. Canavarın oddan qorxduğunu xatırlayıb dərhal kibriti çıxarıb çəkdi. İşığı yuxarı qaldırıb şaqqıltı gələn yerə baxdı. Qarağat kolları arasında iri bir merinos dayanıb onlara baxırdı.
– Tapdıq! – deyə Cəfər sevinclə qışqırdı və irəliləyib merinosu kolların arasından çıxardı.
– Mən düşdüm qabağa, sən daldan sür! – Cəfər Nadirə tapşırıq verib qabağa keçdi. Lakin onlar nə qədər getdilərsə də, gəlib meşənin kənarına çıxmadılar. Cəfər zənn ilə gedirdi, çünki qaranlıqda heç bir cəhəti təyin etmək mümkün deyildi. O dayandı: