– Ay uşaqlar, – dedi, – bu gecə İsrafil ağa burdaymış... Məni vurmağa gəlibmiş... Ax, Mərdan, Mərdan... Bax, yaxşı göz-qulaqda olmamısan!
Mərdanın rəng-ruhu qaçdı, bir an belə onun gözünə yuxu getməmişdi.
Kərəm dedi:
– Məni o, çox asanlıqla vura bilərmiş, amma istəməyib. Bilirsinizmi niyə?
Qaçaqların gözlərində sanki eyni sual yazıldı: “Niyə ?”
Kərəm öz sualına cavab vermədi. Onu dinləyənlər içərisində arvad-uşaq da vardı. Kərəm əmr elədi:
– Gedin, atlanın! Dağlara çəkilək. İsrafil ağa da, kazaklar da hər dəqiqə başımızın üstünü ala bilərlər...
Yoxsa, Kərəm qorxurdu? Əlbəttə, yox. O, bütün obanın gülləbaran olunmağını istəmirdi.
Qaçaqlar atlanıb yola düşdülər. Bir az gedəndən sonra oba görünməz olanda Kərəm atının qantarğasını çəkdi, maralgözlü, ceyranyerişli kəhər ayğır şahə qalxaraq yanakı dayandı, o biri atların yolunu kəsdi. On iki nəfərin gözü Kərəmə dikildi. Hamı diqqət kəsildi. Kərəm dedi:
– Ay uşaqlar!... İsrafil ağa gecə ikən obaya gəlibmiş. Ancaq məni vurmayıb. Bilirsinizmi nə səbəbə, hə? O, mənim düşmənim də olsa, əsl igiddir... Məni arvadımın yanında gördüyü üçün fikrindən daşınıb... Bu patronu da o atıb... Demək istəyib ki, səni öldürə bilərdim, amma arvadına bağışlayıram. Mən ona bir borclu!..
Dəstə yoluna düzəldi. Uzaq dağlara yol aldı...
Dəstə yenə yaylaqlara üz tutdu. Kərəm ömründə bu qədər qəmgin və ümidsiz olmamışdı. Obalar arana köçürdülər. Dağların döşü ilə uzanan dar, əyri-üyrü yolları qoyun sürüləri tutmuşdu. Hər tərəfdə hay-haray qalxmışdı. Yanıqlı mahnı səsləri yamaclarda əks-səda verirdi. Kərəm də, yoldaşları da bədbin idilər.
Qürbət diyarlarda sərgərdan gəzməkdən artıq cana doymuşdular.
– Ən uzağı ölümdür!... – deyə obalarına dönmək, heç olmasa, arvad-uşaqları ilə son dəfə görüşmək istəyirdilər.
Birdən Kərəmin gözləmədiyi bir hadisə baş verdi. Dağ yolunda qan düşməni İsrafil ağaya rast gəldi. İsrafil ağanın obası dolama yolla dağdan enirdi. Göy mahuddan vəznəli çuxa geymiş, ceyrandan iti, maraldan göyçək səkil atına minmiş İsrafil ağa çiynində aynalı tüfəng, özü kimi silahlı dostlarının əhatəsində köçün qabağınca gəlirdi. Kərəm onu lap uzaqdan tanıdı. Yoldaşlarına dönərək:
– Atdan düşün, daşa girin! – deyə ucadan səsləndi.
Qaçaqlar bir göz qırpımında onun əmrini yerinə yetirdilər, özləri də, atları da görünməz oldular. İsrafil ağa yaxınlaşırdı. O, at belində necə məğrur oturmuşdusa, Kərəmin ürəyində qibtə oyadacaq qədər qamətli və gözəl görünürdü. Kərəm intiqam saatının gəlib çatdığını düşündü, kinlə qarışıq bir sevinc duyaraq tüfənglərini hazır tutmuş dostlarına müraciət elədi: