Kərəm Mərdana bir söz demədən yenə gəzindi, yenə ətrafı dinlədi. Bu sakit, səssiz aləmdə hər şey rahat idi, yalnız Kərəmin ürəyi rahat ola bilmirdi. Oba üzərini çən bürümüşdü, axşamüstü mavi göyün boşluğunda gözəl bir gəlin ədası ilə süzən ay indi hardasa gizlənmişdi.
Kərəm çox gəzib-dolandı, tez-tez çəndən siyrilib çıxan yollara çox nəzər saldı, amma heç bir ins-cins gözünə dəymədi. Kərəm yenə də sakit ola bilmədi. “Görünür, İsrafil ağa bizim gəlişimizdən xəbər tutmayıb, yoxsa, indiyəcən harda olsaydı, dəstəsini çəkib üstümüzə gələrdi,” – deyə düşündü və alaçığına qayıtdı. Qaranlıqdan arvadının səsini eşitdi:
– Kərəm, gözümün nuru, gəl uzan, mən qalxıb keşiyini çəkərəm!
Vəfalı qadın köksünü ötürəndə kədər dolu bir ah çəkdi. O, yaşarmış gözlərini göyə dikib Allaha yalvardı:
– Ey böyük Tanrı, mənim balalarıma rəhmin gəlsin!
Kərəmin ürəyi poladdan möhkəm, ipəkdən yumşaq idi. Arvadının xeyir-duası onu da qəhərləndirdi:
– Qəm yemə, Gülsabah, – dedi, – yaman günün ömrü az olar.
Qadın dinmədi. Ərinin səsindəki qəm nidaları onun qüssəsini daha da artırdı. Kərəm uzandı. Tüfəngini yorğanının üstünə qoydu. Azca yatmaq və dünyanın dərdini, kədərini unutmaq istədi.
Gecə o qədər uzun, saatlar, dəqiqələr o qədər ağırdı ki...
Nəhayət, Kərəmin gözləri qapandı. Şirin yuxu o mərd, o qüdrətli igidi də məğlub elədi...
...Kərəm nə qədər yatdığını bilmədi. O yalnız hava işıqlanmağa başlarkən oyandı. İndi artıq qorxu azalmışdı. İsrafil ağa gündüz hücum fikrinə düşə bilməzdi. Kərəm yerindən qalxaraq alaçığı tərk etdi. Obanın şimalında, dünən keşikçinin dayandığı qaya dibində pıq-pıqla qaynayan muncuqlu bulağa tərəf getdi. Hələ gənc yaşlarından sevdiyi bu gur çeşmə ən əziz xatirələri ilə bağlı idi. Kərəm tüfəngini qayaya söykədi, patrondaşını açıb daşın üstünə qoydu, çuxasının ətəklərini qatlayıb kəmərlərinə keçirtdi, qollarını çırmadı. Buz kimi soyuq suda doyunca əl-üzünü yudu.
O, yaylıqla əl-üzünü silib daş üstündə oturdu, istər-istəməz dərin düşüncələrə daldı...
Alaçığa girmək istəyəndə qapıdan sağda, çətənin dibində gözünə bir patron sataşdı. Kərəm duruxdu və dərhal qeyri-ixtiyari patrondaşını yoxladı: “Bu, mənim deyil!” - deyə xəyalən yoldaşlarını danladı, böyük oğlunu göndərib onların hamısını çağırtdırdı. Bütün dəstə yığışandan sonra əlindəki patronu yuxarı qaldırıb dostlarına göstərdi, töhmətli nəzərlə bir-bir onları süzərək hamı eşitsin deyə ucadan soruşdu:
– Bu kimindir?
Qaçaqlar tez-tələsik patrondaşlarını yoxladılar. Kərəm bir də soruşdu:
– Kimindir, hə?
Heç kəs patron itirməmişdi. Kərəmin rəngi kömür kimi qaraldı: