Mehdi Hüseyn
KƏRƏM ƏFSANƏSİ
(ixtisarla)
Mən bu hekayədə bir igiddən danışacağam... Bu igidi el arasında Qaçaq Kərəm adı ilə tanıyırdılar.
Kərəm öz dəstəsi ilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı.
Günlərin birində, hələ obalar yaylaqda ikən Kərəm dəstəsini çəkib arvad-uşağını görməyə gəlmişdi. Dostları dəyələrə dağılışıb paltarlarını çıxarmadan, aynalı tüfənglərini yanlarına qoyub yatmışdılar. Kərəm özü isə alaçıqda yorğan-döşək saldırıb uzanmışdı. Ağır və məşəqqətli yorğunluğunu unutmaq istəyirdi. Amma onun gözlərinə yuxu getmirdi. Düşmənini unuda bilmirdi.
Kərəm gecədən xeyli keçmiş qalxıb alaçıqdan eşiyə baxdı. Gəzindi. Ətrafı yoxladı. Bütün oba sanki əbədi yuxuya getmişdi. Adətən, sayıq yatan qapı itlərindən də səs-səmir gəlmirdi. Kərəm isə düşməninin hər dəqiqə qəfildən hücum edə biləcəyini düşünürdü. O, gəzinə-gəzinə obadan bir az kənarda hündür qayanın dalına girib keşik çəkən dostuna yanaşdı, qəsdən pıçıltı ilə soruşdu:
– Yatmısanmı, Mərdan?
Cavan qaçaq da yorğun idi, amma yatmamışdı:
– Xeyr, Kərəm dayı, – dedi. – əgər yuxu məni üstələsə, barmağımı kəsib duz basaram!..
– Duzun varmı?
– Var, Kərəm dayı, – deyə Mərdan çuxasının vəznəsini göstərdi.
Yaralı barmağa duz basmaq vəfalı dost nəzərində o qədər də böyük bir fədakarlıq deyildi.