Ramiz Qusarçaylı
GÖZÜN AYDIN, QARABAĞ!
(ixtisarla)
Güman keçməz dağları
Aşa-aşa qayıtdıq.
Yumruq kimi birləşib
Coşa-coşa qayıtdıq.
Biz Kəlbəcər-Kəlbəcər,
Şuşa-Şuşa qayıtıdıq.
Başın uca, üzün ağ!
Gözün aydın, Qarabağ!
Hər döyüşün başında
“Yurd yeri” var, “Cəngi” var,
Hər həmlədə ordumun
Nərəsi var, cəngi var,
Cəngavər oğulların
Şanlı zəfər rəngi var.
Gör nə deyir Lələdağ, –
Gözün aydın, Qarabağ!
Vətəndi bu savaşın
Hər sirri, hər sehri də.
Bir atanın öyüdü,
Bir ananın mehri də.
Uçundu Göyçə-Göyçə
Zəngəzur da, Mehri də,
Silkələndi Ağrıdağ, –
Gözün aydın, Qarabağ!
Bir fırtına kükrədi,
Qisas aldı limandan.
Yer əsdi, göy titrədi,
Bu anddan, bu imandan.
Xalqın güvənc yeridir
Ta Ali Baş Komandan.
Dalğalan bayraq-bayraq,
Gözün aydın, Qarabağ!
Gözün aydın, Qarabağ!