Şah Abbas da Allahverdi xana işarə elədi ki, naməni oxusun. Vəzir Allahverdi xan naməni ucadan oxumağa başladı: “Ey Şah Abbas, bu namə sənə çatan kimi ya qızın Pəri Soltanı kəcavəyə qoy, yeddi ilin baci-xəracıynan və cehizləriynən mənim oğluma göndər; ya da üç at göndərmişəm, üçü də bir boyda, bir buxunda, bir rəngdə, bir çəkidə. Onlardan biri biryaşardı, biri ikiyaşardı, biri də üçyaşardı. Tanıyarsan görüm, biryaşar hansıdı, ikiyaşar hansıdı və üçyaşar hansıdı. Əgər bunları yerinə yetirə bilməsən, o vaxt hazır ol, davamız davadı. Sənin üstünə o qədər qoşun töküm ki, göydə ulduzların sayı olsun, qoşunun sayı olmasın”.
Şah Abbas üzünü tutdu elçilərə və dedi:
– İndi siz azadsınız, üç gündən sonra sizə cavab verərik.
Firəng padşahının vəziri getdi. Şah Abbas üzünü məclisə tutub dedi:
– Söyləyin görək, nə tədbir etməliyik.
Şah Abbas Firəng padşahının vəzirinə xəbər göndərdi ki, biz atları taparıq, əgər tapmasaq, davamız davadı. Sizə verən Allah bizə də verər...
Atlar çəkdirildi meydana. Bütün İsfahanın əhli üç günün müddətində
bir-bir ata baxıb baş aça bilmədilər. Axırda vəzir Allahverdi xan izin alıb
dedi:
– Qibleyi-aləm, biz niyə belə fikrə gedirik? Əhmədi gətirək, o, buna,
bəlkə, əlac elədi.
Zindanban Əhmədi götürüb gəldi. Əhməd dedi:
– Qibleyi-aləm sağ olsun, mən bu işi düzəldərəm, amma yenə də bir şərtim var. Pəri xanımla kəbinimizi kəsdirin...
Şah Abbas bildi ki, Əhməd ölər, sözündən dönməz. Buna görə Əhməd tərəfdən vəzir Allahverdi xan, Pəri Soltan tərəfdən də vəkil Şah Abbas özü oldu. Kəbin kağızına hər iki tərəf qol çəkib öz möhürü ilə möhürlədi. Sonra da üləmalar qol çəkib, möhürlərini vurub kağızı Əhmədə verdilər.
Əhməd Şah Abbasa dedi:
– Qibleyi-aləm sağ olsun. Firəng padşahının adamlarına de ki, sabah tezdən atları gətirsinlər meydana. Mən də gələrəm ora. Siz də əmr eləyin, həmin yerdə bir qab süd, bir qab arpa, bir az da yonca hazır olsun. Sonra mən atları tanıyaram.
Şah Abbas car çəkib bütün İsfahanı işdən xəbərdar eləmişdi. Ona görə tamam İsfahan əhli də böyükdən-kiçiyə meydanda idi. Fərraşlar bir qab süd, bir torba arpa, bir bağ da yonca hazır eləyib meydanın bir yerində qoydular. Atlar arpanı, südü və yoncanı görəndə üçü də dartınıb az qaldı mıxları çıxartsınlar. Əhməd də lap başa südü, sonra yoncanı, sonra da arpanı qoydurmuşdu.
Əhməd atların özünü yeyib tökməsini görəndə bildi ki, acdırlar. Ona görə əmr elədi, atları açdılar. Üçyaşar at açılan kimi özünü saldı arpanın üstünə.