YOXSUL QOCAYNAN VƏZİR
(nağıl)
Biri var idi, biri yox idi, bir qoca kişi var idi. Bu qoca kişinin bircə sözü var idi, hər kəsi görsə, ona deyərdi: “Yaxşılara yaxşılıq eylə, pislərə öz pislikləri kifayətdi”.
Bir gün padşah səfərdən gəlirdi. Yolda bu qocaya rast gəldi. Padşah çox tədbirli adam idi. Gördü ki, bu qoca öz-özünə danışır. Padşah atını onun yanına sürüb dedi:
– Ay qoca, öz-özünə nə danışırsan? Olmaya, bir dərdin var?
Qoca dedi:
– Ey padşah, yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayət edər.
Padşah bu sözü çox bəyəndi, dedi:
– Qoca, bu sözü sabah gəlib mənim yadıma salarsan.
Padşah yola düşüb getdi.
Sabah oldu, qoca durub getdi padşahın qapısına, padşah da qapıçılara tapşırmışdı ki, bu sifətdə, bu libasda bir qoca gələcək, onu mənim yanıma buraxarsınız. Qapıçılar da qocanı içəri buraxdılar. Qoca girdi padşahın hüzuruna, dedi:
– Ey padşah, yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayət edər.
Padşah ona bir söz demədi. Qələmi aldı, bir kağıza bir neçə kəlmə qaraladı, möhürlədi, verdi qocaya, dedi:
– Aparıb verərsən burda yazılan şəxsə, sabah gələrsən, bu sözü mənim yadıma salarsan.
Qoca möhürlü kağızı aparıb çatdırdı yazılan adama. Gördü ki, çox böyük adamdı. Kağızı açdı, oxudu, gördü, padşah yazıb ki: “Hərgah məni istəyirsən, bu qocaya bəxşiş verərsən”. Haman böyük adam qocaya çoxlu mal-dövlət verib yola saldı.
Bu qocanın da bir xasiyyəti vardı ki, əlinə nə düşsəydi, qabağına çıxan fağırlara paylardı. Bu verilən mal-dövləti oradaca payladı yetimə-yesirə. Sabah oldu, qoca kişi getdi padşahın hüzuruna, dedi:
– Ey padşah, yaxşılara yaxşılıq elə, pislərə öz pislikləri kifayət edər.
Padşah genə qələmi götürdü. Bir kağıza bir neçə kəlmə qaraladı, möhürlədi, verdi qocaya, dedi:
– Apar ver adı yazılana, sabah genə gəl mənim yanıma, bu sözü mənim xatirimə sal.
Qoca kağızı götürüb apardı sahibinə, genə gördü ki, çox mötəbər adamdı. Bu adam kağızı açdı, gördü, yazılıbdır ki: “Hərgah mənim xatirimi istəyirsən, bu qocaya bəxşiş verərsən”.
Bu adam da dünənki adam kimi, qocaya çoxlu mal-dövlət bağışladı, razı edib saldı yola.
Qoca da öz adəti ilə bu mal-dövlətin hamısını payladı qabağına çıxan şil-kütə.
Bu tərəfdən sizə xəbər verim padşahın qapı vəzirindən.