Hələlik dava eləyib nahaq qan tökməyək, görək bu qıznan oğlanları tanıyan bir adam tapa bilərikmi? Əgər bu yolnan qurtarmasaq, onda ölüncən vuruşarıq. Pəri xanımı aparsalar da, qoy biz öləndən sonra aparsınlar.
Hamı – əyan-əşrəf vəzir Allahverdi xanın rəyini bəyənib “əhsən” dedi. Şah Abbas car çəkdirdi, nə qədər İsfahanda adam var idi, böyükdən kiçiyə yığdılar divanxananın qabağına. Hamı öz baxtını sınamaq istədi, amma heç bir nəticə hasil olmadı.
Şah Abbas zindanbanı çağırtdırıb, Əhmədi istədi. Vəzir Allahverdi xan əhvalatı Əhmədə nağıl etdi. Əhməd dedi:
– Qibleyi-aləm, mən bu məsələni açmazdım, çünki məni nahaqdan çox incidibsən, amma yenə də qeyrətim yol vermir. Mən bu bəlanı İsfahan şəhərinin üstündən rədd edəcəyəm, ancaq bir şərtnən. Gərək qızın Pəri xanımı mənə verəsən, ondan sonra bu məsələni açam.
Şah Abbas Əhmədi bir qədər o yana-bu yana çəkib, axırda razı oldu. Əmr elədi Əhmədə faxır libas geyindirdilər, məclis qurulub Pəri xanımın şərbətini içirdilər. Ondan sonra Əhməd durub Şah Abbasa təzim edib, ərz elədi:
– Şah sağ olsun, indi buyur, həmin cavanları da, Firəng padşahının vəzirini də qonaq çağırsınlar. Mən orda oğlanlarnan qızları bir-birindən ayıraram. Özü də əl suyunu mən özüm hazırlayıb, özüm də tökəcəyəm.
Əhməd zindanbanla qayıtdı zindana. Ertəsi gün meydana gəlib o saat qaydaynan suyu hazır elədi. Ondan sonra həmin qırx cavanı düzdü evin bir tərəfinə. Vəzir Allahverdi xanı qoydu bu qırx adam oturan cərgənin başına, əl suyunu tökməyə başladı.
Elə ki su vəzir Allahverdi xanın əlinə dəydi, gördü su istidi, ancaq ar eləyib əlini çəkmədi. Elə ki oğlanlara növbə yetişdi, onlar da əllərini çəkmədilər. Amma qızların əllərinə su düşən kimi əllərini çəkdilər. Hər kim əlini çəkdi, o saat Əhməd onu durğuzub Firəng padşahının vəzirinin cərgəsində oturdurdu. Belə-belə qızların iyirmisi də seçilib, o biri tərəfə getdilər. Qurtarandan sonra üzünü Allahverdi xana tutub dedi:
– Xan, sənin başındakılar kişidi.
Firəng padşahının vəzirinə dedi:
– Sənin başındakılar isə qızlardır.
Qonaqlar çörəklərini yeyib, suyu süzülmüş kimi düşdülər yola.
Bunlar o yana gedən kimi Şah Abbas Əhmədi çağırtdırıb dedi:
– Qızımın nişanlısısan, bu öz yoluynan, dustaqsan, bu da öz yoluynan, indi söylə görüm, yuxu nə idi?
– Şah sağ olsun, mən də köhnə Əhmədəm, öz yolumnan gedirəm, nə bilirsən elə.
Pəri Soltan Əhmədin bədəninə məlhəm qoyub sarıdı. Bunları burada qoyum, sizə kimdən xəbər verim, Firəng padşahından. O, əhvalatı bilib oğluna dedi:
– Heç fikir eləmə, bu dəfə elə bir şey göndərərəm ki, daha onu açan olmaz.
Firəng padşahı bir kağız da öz dilindən Şah Abbasa yazdırıb, üç at da vəzirə verib, yenə İsfahana qaytardı. Vəzir naməni götürüb Şah Abbasın hüzuruna gəldi.