Özünü nə qədər həlak elədi, balalarına çata bilmədi, bir az aşağıda sahilə çıxdı. Çay aşağı baxıb, çəngə-çəngə başının tüklərini yoluşdurur, qeyri-adi səs çıxarırdı.
Mən isə yerimdən tərpənib özümü göstərmirdim ki, ayı məni görüb daha da karıxar. Tüfəngim əlimdə sahillə başaşağı yüyürdüm. Üst-başım kola-kosa ilişə-ilişə, daşdan-daşa hoppana-hoppana sıldırımlı sahillə lap aşağılara endim. Ayı balalarını sahil daşlarının aralarında axtardım, qumluqları gəzdim, onları köpüklü dalğaların qoynunda görmək istədim.
Amma gec idi... Kim bilir, dağ çayı ayının balalarını daşlara çırpa-çırpa haralara aparıb çıxartmışdı.
Çayın kənarındakı iri qayanın dibini diqqətlə nəzərdən keçirərkən, mənə elə gəldi ki, kimsə məni izləyir. Başımı qaldırıb qayanın döşünə baxdım, zənnim məni aldatmamışdı. Boz ayı kədərli baxışlarla mənə baxırdı...
Bir-birimizə mane olmadan, demək olar ki, yanbayan axtarışlarımızı xeyli davam etdirdik. Balalar tapılmadı. Hava qaralanda əldən-dildən düşmüş, tamam islanmış halda evə döndüm.