Daha dayanmadı, əyilə-əyilə cığıra düşdü. O, çaya enirdi. Tərpəndim. Keçiddə onu yaxalaya bilsəydim, çətin əlimdən qurtarardı. Qaçıb özünü meşəyə salanacan qoşalülə nəfəsini kəsərdi.
Bir gözüm ayıda yıxıla-yıxıla quzeyi endim. Ağacların dalına keçə-keçə bu koldan o kola sürünə-sürünə çaya yaxınlaşdım. Cığırın üstündəki palıd ağacının dalında gizləndim. Ayı yavaş-yavaş gəlirdi, qoltuğundakılar çapaladıqca tez-tez dayanıb burnu ilə onları dümsükləyirdi.
Çay yuxarılardan ovub gətirdiyi qumu keçiddə qırağa vurmuşdu. Ayı qumluğa düşəndə dayandı. Aramızda elə bir məsafə qalmamışdı. Amma nə qədər baxdımsa da, yenə qoltuğunda nə tutmuşdu, baş açammadım. Sahilə yaxın hündür bir daş vardı. İməkləyə-iməkləyə sürünüb onun dalında gizləndim.
Ayı yaş quma bata-bata suya girdi. Qollarının altından özü kimi tüklü iki baş çıxmışdı: qapqara burunları, qara muncuq kimi gözləri vardı. Vay səni!.. Mən də bayaqdan baş sındırıram ki, görəsən, bu yekəpər nə aparır. Öz balaları imiş ki! Onlar büzüşərək analarına elə sığınmışdılar ki, yumağa dönmüşdülər. Yəqin, çayın qıjıltısından qorxurdular.
Ayı tez-tez büdrəyirdi, dərinə düşmədi, çayın dayaz yerindən yenə sahilə çıxdı. Balalarını yerə buraxdı, yumalandılar, boğuşdular. Anaları isə köpüklü dalğalara bir xeyli baxdı, qumu tez-tez eşələyib cığır açdı. Balasının birini burnu ilə itələyə-itələyə gətirib ora saldı, pəncəsilə arxası üstə çevirdi. Bala çanaqlı bağa kimi ayaqları göydə çapalaya-çapalaya qaldı. Ayı da o qalxanacan yastı bir çaylaq daşını burnu ilə sürüşdürüb onun qarnının üstünə çıxartdı. O biri balasını qoltuğuna alıb bir gözü arxada - quma basdırdığı balasında çaya düşdü.
Keçid xeyli dərin imiş. Su ayının döşünə vurdu. Dalğalar onu büküb- bükmələyirdi. Balasını bərk-bərk qoltuğuna sıxıb bir pəncəsi ilə suyu yara-yara sahilə çıxdı. Balasını quma buraxıb silkindi, dönüb o taya boylandı. Sonra da tələsik qumu eşələyib indi də bu balasını çuxura yıxdı. Ətrafına baxdı. Deyəsən, yenə də daş axtarırdı. Yəqin, gördü, yaxında yoxdur, bu balasının qarnına qum cırmaqlayıb yığdı. Elə bu ara o taydakı bala necə elədisə, qarnından daşı aşırıb çuxurdan çıxdı, anasını bu tayda görüb yumalana-yumalana özünü çaya saldı. Anası bunu görüb, həyəcanlı, təntimiş halda özünü bu taydan suya atdı. Qumun altındakı bala da çapaladı-çapaladı, nəhayət ki, o da yerindən qalxdı, anasının dalınca çaya cumdu. Ayı geri çevriləndə onu görüb bir səs çıxartdı ki, sanki dağlar-daşlar dilə gəldi, ona qoşuldu, səsi çox-çox uzaqlarda əks-səda verdi, qayalar lərzəyə düşdü. Mən dəfələrlə ayı ovunda olmuşdum. Güllə ilə vurulanda belə ayı bu cür dəhşətlə nərildəməmişdi.
Ayı ha eləyib özünü yetirənəcən o tayda qalan balasını dalğalar ağuşuna aldı. Bu balasını da dalğalar top kimi atıb-tutaraq aparırdı. Ayı gah bu balasının dalınca cumdu, gah da o birisinin...