– İndi bunu öldürsən, yuxunu bilməyəcəksən. Yaxşısı budur ki, Əhmədi bir yaxşıca döydürüb göndərək zindana. Orada ağıllanar.
Şah Abbas cəlladı azad eləyib, üzünü tutdu Əhmədə:
– Ey Əhməd, hələlik mən sənin qanından keçirəm. Gəl sən biryolluq o yuxunu aç.
– Qibleyi-aləm sağ olsun, əmr sizindi, mən deməyəcəyəm.
Şah bu cavabı eşidən kimi əmr elədi, bir dəstə çubuq, bir şallaq gətirdilər.
Əhmədi döyməyə başladılar. Əhməd heç cınqırını da çıxarmadı.
Şah Abbas gördü, Əhməd lap çubuq altında ölsə də, bir söz deməyəcək.
Əmr elədi, Əhmədin əl-qolunu açdılar, üzünü tutub zindanbana dedi:
- Apar, bunu sal mənim xüsusi zindanıma.