Onun həyatı və yaradıcılığı gənclər üçün gözəl nümunədir. Mir Cəlal zəhməti, əməksevərliyi ilə ucalmış, həm elmimizdə, həm də ədəbiyyatımızda ləyaqətli yer tutmuşdur.
Elçin
(“Bir gəncin manifesti” əsərindən)
Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi:
-Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən... Razısanmı?
Bahar şəhərdə qalmaq, qardaşını tapmaq həvəsi ilə, həm də belə “mehriban” adama rast gəldiyini güman edib razı oldu:
- Nə deyirəm!
Tüfəngli Baharı daş yoluna tərəf gətirdi, bir arabaçıya tapşırdı:
- Atama çatdır bunu, deynən görsün yararmı?
Səhər arabaçı onu şəhərə, qəssab Məşədi Abbasın dükanına gətirdi. Arabaçı birtəhər adamları aralayıb Məşədi Abbası çağırdı:
- Məşədi əmi, bu gədəni İsfəndiyar göndərib...
Məşədi:
- Gözləsin! – dedi.
Bahar günortayadək gözlədi, çox acmışdı... Qəssab müştərilərdən baş açandan sonra Baharı dükana çağırdı. Hansı kənddən, kimin oğlu olduğunu, nə iş bacardığını soruşdu...