Bu səhər böyük anbarlardan birinə yük daşınacaqdı. Qoca bu fürsəti əldən qaçırmayıb hamıdan tez işə başlamaq istəyirdi. Nə cür olursa-olsun, bu gün, heç olmasa, bir şələ odunun pulunu qazanmalı idi.
Səhər tezdən yük daşınmağa başlandı. Qoca Firuz bu gün hamını heyrətə salan və yaşına yaraşmayan bir zirəklik və səylə çalışırdı. Günortaya yaxın o, əlli tay daşımışdı.
Budur, yenə də növbəti taylardan birini çiyninə alıb anbarın yarıqaranlıq və dik pillələri ilə aşağı enməyə başladı. İki-üç pillə düşmüşdü ki, birdən onun gözləri qaranlıq gətirdi və sanki ayağı altındakı kərpiclər yerindən oynadı. O, əlini hara isə atmaq istədi, lakin bu zaman ona elə gəldi ki, kim isə yuxarıdan daha ağır bir yük tayını onun üzərinə aşırdı. O, cəld döşündəki kəndiri boşaldıb yükü yerə atmaq istədi, lakin macal tapmadı, dizləri titrədi, ayaqları büküldü və daş kimi anbarın boşluğuna yuvarlandı. Dik pillələr onu saxlamayaraq bir-birinin dalınca aşağıya doğru itələdi, nəhayət, o, anbarın kərpic döşəməsi üzərinə sərildi, qışqırmağa, haraya çağırmağa da macal tapmadı.
Aşağıda – anbarda işləyən hamballardan ikisi ona tərəf yüyürdü, yükü qaldırıb qocanı çıxartdılar. Lakin iş-işdən keçmişdi.
Axşam uşaqlar karxanadan çıxarkən qar yağırdı. Onların çoxu ayaqyalın idi, yeri ağartmaqda olan qar üstündə təzə izlər buraxaraq tələsə-tələsə evlərinə gedirdilər. Balaca Sürəyyanı yoldaşları yenə qolları üstündə küçəyə çıxartdılar, lakin bu dəfə darvaza qarşısında qoca Firuz onları qarşılamadı. Sürəyya heyrətlə küçənin başına baxdı.
Birinci dəfə idi ki, karxanadan çıxarkən babası onu gözləmirdi. Sürəyyanın yoldaşları da ətrafa boylandılar.
– Firuz baba niyə yoxdur?
Onlar bir-birinin üzünə baxdılar.
– Gələr, bir az gözləyək.
Gözlədilər. Sürəyya isə getdikcə artmaqda olan bir nigarançılıqla qaranlıqlaşan küçəyə və quşbaşı yağan qara baxırdı. Yoldaşlarından biri dedi:
- Sürəyya, bəlkə, köməkləşib səni birtəhər evə aparaq, Firuz baba, görəsən, nə iş çıxdı ki, gəlmədi.
Sürəyya qəti hərəkətlə başını buladı:
- Yox, babam harada olsa, bu saat gələcəkdir. Siz gedin, sonra qorxarsınız.
Yoldaşları qaranlıq düşdüyünü görərək, doğrudan da, qorxurdular. Bir az gözlədikdən sonra onlar da getdilər. Sürəyya qarlı qış axşamında küçədə təkbaşına gözləməyə başladı. Qar getdikcə daha şiddətlə yağırdı.
İndi soyuq qızın bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı. Lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyaraq kövrəldi və səssiz-səssiz ağlamağa başladı.
Nə qədər vaxt keçdi, amma Firuz baba yenə də gəlmədi. İndi Sürəyya çağırmağa başlamışdı. O, əvvəlcə babasını çağırırdı. Səs verən olmadı. Sonra o, sadəcə, bir nəfəri, bir insanı köməyə çağırırdı. Onun səsini eşidən olmadı...
Artıq dodaqları söz tutmurdu. Nəhayət, bu qarlı gecəni küçədə tək qalacağını anladı. Bağlı karxana darvazasına tərəf sürünməyə başladı, bəlkə, orada, darvazanın tağı altında qar tutmayan bir bucaq tapmaq mümkün ola idi...