Bu, qoca hambalın nəvəsi Sürəyyadır. O, hələ ayaq açıb yeriməyə başlamamış rütubətli, qaranlıq bir zirzəmidə şikəst olmuş, ayaqları hərəkətdən düşmüşdü. Qocanın isə bu şikəst qızdan başqa dünyada heç kəsi yoxdu. Oğlu qazanc dalınca uzaqlara getdiyi gündən sanki daş olub quyuya düşdü, ondan heç bir xəbər gəlmədi. Gəlini isə ilk balası Sürəyyanı hələ süddən ayırmamış öldü.
Qoca yaxınlaşıb, ehtiyatla nəvəsini kürəyinə alır və başıaşağı, dinməz-söyləməz yoluna düzəlir.
– Baba, deyəsən, bu gün çox yorulmusan?
– Yox, qızım, bu gün bir iş görməmişəm.
Qızcığaz o saat anlayır ki, babasının cibində bu gün də pul yoxdur... Səngəkçi dükanı qarşısından keçərkən qız səslənir.
– Baba, dayan səngək alaq!
Qoca dayanır, səngəkçi şagirdi bir neçə səngək büküb, qocaya verir. Sürəyya isə çit çadrasının ucuna düyünlədiyi bugünkü muzdunu – iki qranı çıxarıb şagirdə verir. Qoca Firuzu tər basır: demək, o, bu gün də balaca nəvəsinin muzdu ilə qazanılmış bir parça çörəyə möhtacdır.
Axşam yarıqaranlıq, rütubətli zirzəmidə onlar – baba və nəvə həsir üstünə salınmış, rəngi solğun süfrə başında oturardılar. Süfrə üzərində axşam yeməyi bir neçə səngək və bir parça pendirdən ibarət olardı.
Lakin əvəzində bu kasıb süfrə başında, bu qaranlıq zirzəmidə babası balaca Sürəyyaya hər gecə nə qədər gözəl nağıllar söylərdi. Qızcığaz nəfəsini udaraq babasını dinlərdi.
Səhərlər isə o, babasının səsinə oyanardı. Qoca nəvəsini şirin yuxudan ayıldar, kürəyinə alıb karxanaya gətirər, sonra özü iş üçün bazara yönələrdi.
Bir ildən artıq idi ki, qız xalça karxanasında işləyirdi.
Hər səhər gün
çıxanda karxana irili-xırdalı yüzlərlə oğlan və qız uşağı ilə dolurdu.
Bir-iki ustadan və karxananın qoca nəqqaşından başqa, iki cərgə düzülmüş əlliyə qədər böyük dəzgah qarşısında və hər tərəfdə işləyən yalnız kiçikyaşlı uşaqlar idi. Onlar iki-iki, üç-üç və daha çox dəstələrlə bu dəzgahlar qarşısında əyləşib axşama qədər xalça toxuyardılar.
Səhərlər səs-səmirsiz işləyən uşaqlar saatlar keçdikcə yorğunluqlarını unutmaq, yorucu əməklərini yüngülləşdirmək üçün alçaq səslə bir mahnı oxumağa başlardılar.
Sürəyya isə oxumazdı. Onun oxumağa nə səsi vardı, nə mahnısı... O, yalnız işıqlı qonur gözlərini çaldığı ilmələrdən ayırmayaraq bütün diqqətini və səyini öz sənətində canlandırmağa çalışırdı. Onun toxuduğu qönçələr bütün karxanada məşhur idi. Buna görə də karxananın qoca nəqqaşı hazırladığı cürbəcür nəqşlər içərisində qızıl qönçələr olan nəqşləri həmişə balaca Sürəyya üçün nəzərdə tutardı.
Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı, odun yoxdu, qırıq bir lampaya neft güclə çatırdı. Qoca Sürəyyanın gecələr titrədiyini görür, səhərə qədər gözünə yuxu getmirdi.
Bu gün o, Sürəyyanı karxana açılmamış qaranlıq ikən gətirib qapı ağzında qoymuş, özü bazara getmişdi.