“Yazıçı həyatda gördüklərinə laqeyd qalmamalıdır. O həm xoşbəxt, həm də bədbəxt insanların taleyini eyni həssaslıqla qələmə almalıdır. Həyatda baş verən pislikləri göstərməli, bunların səbəbini oxuculara açmalıdır”.
Yada salın.
- | Cənubi Azərbaycan mövzusunda yazılmış hansı uşaq əsərlərini xatırlayırsınız? |
- | Bu əsərlərin qəhrəmanlarının həyatı, taleyi sizdə hansı hiss və düşüncələr yaradıb? |
Əsəri oxuyarkən tövsiyələrə əməl etməyə çalışın.
- | İlk üç parçanı oxuyun. Bunu fərdi səssiz oxu şəklində, yaxud səsli oxunu dinləməklə yerinə yetirə bilərsiniz. |
- | Mətnkənarı suallara diqqət edin, cavabları üzərində fikirləşin, bu, mətni başa düşməyinizə kömək edəcəkdir. |
- | Aydın olmayan məqamların üstündən keçməyin, fikrinizi parta yoldaşınızla bölüşün. |
- | Tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın. |
- | Bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. |
(ixtisarla)
Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, ağzına qədər dolu anbarların yanında boş-bikar oturub qalır, kürəyini divara söykəyib mürgüləyir.
Axır zamanlar o, hər axşam gün batan kimi bazardan çıxıb hara isə tələsir, şəhər kənarındakı xalça karxanalarından birinin qabağına çatarkən ayaq saxlayır, çoxdan qurumuş bir çinar ağacına söykənib dayanır, gözləri karxana darvazasına baxıb yol çəkir. Qoca fikrə gedir. Bu zaman o dincəlirdimi? Yox! İndi daha ağır bir yük gözləyir...
Birdən səs-küy onu xəyal aləmindən ayırır. Xalça karxanasının darvazasından çıxan dəstə-dəstə irili-xırdalı uşaqlar içərisində onun gözləri kimi isə axtarır. Budur, axır, iki qız qolları üstündə yeddi-səkkiz yaşlarında arıq və solğun bir qızı qapı ağzına çıxarır.