Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz durdu. Yazıq uşaq qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən, biruh idi.
– Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. O, su çəkdiyi halda daldan itələyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdur. Hərgah razısansa, de, bu axşam əmələ gətirim.
– Razıyam, – deyə Gülpəri cavab verdi.
Əmiraslan və Gülpəri getdilər. Bir azdan sonra Nurəddin kolluqdan çıxdı. O yan-bu yana baxıb qorxa-qorxa yola düşdü.
– İndi daha mən İmamverdi babanın yanına niyə gedim? O özü ölüm halında ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, yox, qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur.
Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu...
Ancaq yolu azıb meşədən çıxa bilmədi. Gün batan zaman bir şaxlı-budaqlı ağac tapıb üstünə çıxdı ki, gecə orada yatsın.
Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya gəldi. Nurəddin bunu görüb ağacdan düşmək istəmədi. Yolçu dedi:
– Ağacdan düş, oğlum, mən səni evinizə apararam.
Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi:
– Mənim evim yoxdur, əmi. Mən atasız-anasız bir yetiməm.
Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Aclığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri dilənçiyə nağıl etdi.
- Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, - deyə Nurəddin dilənçiyə yalvardı.
- Qorxma, oğlum, səni aparıb evinizə verərəm. Sizin şəhər buradan xeyli uzaqdır.
On iki gündən sonra yolçular gəlib böyük bir şəhərə çatdılar.
Cənnətəli xəstə olduğuna görə Nurəddini dilənməyə göndərdi. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi. Bir-iki küçə dolandısa da, həya edib bir kəsə əl uzada bilmədi.
Küçələrdən birini keçərkən ayağı büdrəyib yıxıldı. Bu halda bir fayton iti gəlirdi.
Faytonçu atları saxlaya bilməyib Nurəddini vurdu. Bunu görcək adamlar qışqırışıb yüyürüşdülər. Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da minib dedi:
- Tez sür evə!
Rəhim şəhərin məşhur cərrahını çağırtdı. Həkim Nurəddinin yaralarının yerlərini yuyub sarıdı və dedi:
- Qorxulu yarası yoxdur. Beş-on günə sağalıb durar.
Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli və həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədilə cırdı. İçindən bir balaca kitab çıxdı.
- Kişi, gör bu nədir, - deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi:
- Şükür olsun, axırda tapdım!