Tanrıqulu bir-iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu. Əmiraslan şkolada çox davam etmədi. Nadinc uşaq müəllimləri təngə gətirmişdi. Axırda yoldaşlarının birini yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər.
İmamverdi Əmiraslanın oxumayıb belə bitərbiyə qalmasından çox narazı idi və bu barədə qardaşını müqəssir bilirdi.
Əmiraslan on altı yaşına çatanda ata-anası dalbadal vəfat etdi. Bir-iki ilin ərzində yaramaz oğul atasından qalanların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da, qardaşı oğlunu pis yoldan qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. Elə ki, yoxsullaşdı, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi:
– Nə qədər mən sağam, bu iş baş tutmaz, – deyə onun təklifini rədd etdi.
Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi.
Lakin Əmiraslan bu əmrə razı deyildi, çünki onun fikri Gülpərini
almaq deyil, əmisinin dövlətini ələ almaq idi.
Pis yola öyrənmiş Əmiraslan yavaş-yavaş
oğurluğa və yol kəsməyə qurşandı. İndi faytonda
əyləşib Gülpəriylə söhbət edən Əmiraslan
belə hərifdi...
Kənddə bir neçə gün qalmışdılar ki, bir gün Əmiraslan onlara gəldi. İmamverdi baba o biri otağa keçdi, orada nə baş verdiyini Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi.
Bu ittifaqdan üç gün keçmiş, Gülpəri atasından izinsiz kəbinini kəsdirib Əmiraslana ərə getdi. Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı.
Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Gülpəri nədənsə fikrini dəyişdirib Nurəddini öz yanına aparmaq istəyirdi. Lakin İmamverdi baba əsla razı olmurdu.
Nəhayət, İmamverdi baba istər-istəməz razı oldu. Nurəddin də Əmiraslanın evinə köçdü. Az bir müddətdə Əmiraslan Gülpərinin əlindəki nəqd pulunu alıb qumara, kefə tələf etdi.
Bir gün İmamverdi babanın iflic azarından dili tutulmaq xəbəri gəldi. Gülpəri və Əmiraslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. Gecə Əmiraslan ilə Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da, hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi:
–Yox, Əmiraslan məni öldürsə də, səhər sübhdən qaçıb babamı yoxlamağa gedəcəyəm.
Bu fikir ilə Nurəddin yatdı. Səhər tezdən geyinib bağçaya girdi ki, gizlincə İmamverdi babagilə getsin. Nurəddin qəflətən Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld kolun içinə girib gizləndi. Əmiraslan Gülpəriyə deyirdi:
– Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.
“Yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə yaxşı oldu ki, bunların fikrini bildim”.
Nurəddin bu fikirdə ikən Əmiraslan başladı:
– İndi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdə yatır, Bahar da ki uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü.