Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul verib dedi:
– Oğlum, daha dərsdən qalma. Dur məktəbə get.
Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi: “Atam öləndən
bəri Gülpəri mənimlə çox mehriban dolanır. Əvvəldən belə
olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi”. Bu fikirdə ikən Nurəddin gəlib məktəbə çatdı.
Gülpərinin belə dəyişməsinə səbəb Nurəddinin zənn etdiklərinin heç biri deyildi.
Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır və o da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə keçəcəkdi. İndi hiyləgər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı.
Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi:
– Qorxma, nə qədər ki, sən sağsan, Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə bilməz, çünki onda onu qəyyumluqdan çıxararlar...
Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Kəndə getməyə hazırlaşırdılar. Üç gün idi ki, Gülpəri səfərə yığışırdı. Gülpəri cəmi şeylərini sandıqlara doldurub özü ilə aparmaq fikrində idi.
Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır olandan sonra Gülpəri ona dedi:
– Bahar, sən şəhərdə qalasısan. Evi səndən başqa heç kəsə ümid olub, qoya bilmərəm.
Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə hansı gün çıxmalarını
atasına məlum etmişdi. Lakin səfərin ikinci günü gəlib
oraya çatdıqda vağzalda nə atasını və nə də bir tanış adam gördü.
Gülpəri nökəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun
birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa-qorxa yola düşdü.
Gülpərini qorxuya salan dağlar arasından və meşələr
içindən keçən yollardı ki, onlarda çox vaxtı soyğunçuluq ittifaq
düşərdi.
Meşənin qurtaracağına iki verst qalmış
bir atlı-yaraqlı adam Cəfərin qabağını kəsdi.
– Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!
– Əmiraslan ağa, atma, mənəm.
Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:
– Əmiraslan, əmioğlu, sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı? Gərək fayton tutub qabağımıza gələ idi. Bilmirəm kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib?
Əmiraslan dedi:
– Mənim sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər çıxmışam, yəqin, əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünü sel aparması olmuşdur.
Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı...
Əmiraslan İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün böyütmüşdü. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmiraslan doqquz yaşına çatdıqda atası onu mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan məktəbdən qaçdı.