– Bir gün bazardan qayıdarkən, bir nəfəri körpü üstündə ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum.
Kişi dedi:
– Mən bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat satmaqla üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb aparam. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar.
Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:
– Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma. Qazanıb, sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et.
Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:
– Hacı, sovqat üçün bundan əziz bir şey yoxdur, – deyə “Gülüstan” kitabını mənə uzatdı. – Qoy mən Rəhim tərəfindən sevgili övladınız Nurəddinə Sədinin bu “Gülüstan” kitabı yadigar olsun.
Sonra dübarə razılıq edib getdi.
Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı:
– Oğlum böyüyəndə bu kitabı oxuyar, – dedi.
Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şagird idi.
Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib
yorğan-döşəyə düşdü. Hacı Nəsir bir neçə məşhur həkim gətirdisə
də, onu sağalda bilmədi. O: “Nurəddin”, - deyə-deyə vəfat etdi.
... Anasının vəfatından sonra Nurəddində böyük qəmginlik görünürdü.
Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi.
Hacı Nəsir evlənmək fikrinə düşdü. O, qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin iyirmi verstliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı vardı.
İmamverdi onu mehribanlıqla qarşıladı. Sonra üzünü qızına sarı tutub dedi:
– Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır.
Gülpəri qısaboylu, doluəndamlı, qarabuğdayı, bədxasiyyət, iyirmi üç yaşında bir qız idi. Onların uzun söhbətinin nəticəsi bu oldu ki, qəza Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi.
İki gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi.
Gülpəri evdəkilərin hamısı ilə kobud rəftar edirdi. Get-gedə onun zülmü artırdı. On ildən ziyadə Hacı Nəsirə xidmət edən bir nökər bu tövr rəftara daha davam edə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı, qulluqçu Bahar da çoxdan çıxıb gedərdi. Gülpərinin hər zülmünə davam edirdi, təki əli balaca Nurəddindən üzülməsin.
Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi.
Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi:
– Ay yaramaz, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? Bundan sonra səni bu evdə bir gün də saxlamaram.
Bunu deyib, Hacı Nəsir cəld bazara tərəf getdi. Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi.