1. Kiçik qruplarda müstəqil işləyin.
• Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin.
Anamın gözləri şəfadı, nurdu,
Qəlbimdə, yolumda işıq yandırır.
Anamın sözləri vüqar, qürurdur,
Zehnimi, ruhumu işıqlandırır.
1. Oxuduğunuz parçada ananın gözləri necə mənalandırılır?
2. Son iki misrada ifadə olunmuş fikri aydınlaşdırın.
3. Bənddəki hansı sözlər, ifadələr sizin üçün yeni və maraqlı oldu,
onlardan hansılarını nitqinizdə işlətməyə çalışacaqsınız?
• Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin.
Bəzən hirslənəndə, çətin anımda,
Əzizləyib məni köksünə sıxır.
Anam saçlarımı tumarlayanda
Bütün ağrılarım yadımdan çıxır.
1. Bənddə diqqətinizi daha çox çəkən nə oldu? Səbəbini izah edin.
2. Bənddə sizə tanış olan fikir, hiss varmı? Varsa, izah edin.
3. Bu misralar şeirdə tanış olduğunuz uşaq barədə təsəvvürünüzə
yeni nə əlavə etdi?
• Aşağıdakı bəndi yenidən diqqətlə oxuyun və tapşırıqları yerinə yetirin.
Sözləri, sığalı şəfalı anam
Əzizdir hamıdan, dünyada təkdir.
Ana Vətən kimi vəfalı anam
Mənə həyat verən canlı mələkdir.
1. Bənddə diqqətinizi daha çox cəlb edən nə oldu?
2. Bənddəki fikirlərdən hansı, sizcə, daha təsirlidir? Səbəbini
izah edin.
3. Bənddəki hansı fikir sizin üçün yeni və daha maraqlı oldu?
Fikrinizi əsaslandırın.