“Bədii əsər oxucuda gözəl hisslər yaradır, həyatı, insanları başa düşməkdə ona kömək edir. Amma bu, həm yazıçıdan, həm də oxucudan böyük zəhmət, diqqət və həssaslıq tələb edir”.
Dərsin maraqlı və səmərəli olması üçün bir neçə gün əvvəl şeirin məzmununu ətraflı öyrənin və qruplara ayrılıb aşağıdakı işləri yerinə yetirin.
– ana mövzusunda əsərlərin sinifdə sərgisini təşkil edin;
– anaya həsr olunmuş divar qəzeti tərtib edin;
– dərsdə səsləndirmək üçün ana haqqında mahnı seçin;
– bədii oxu ustasının səs yazısını seçin;
– mövzu ilə bağlı şəkillər çəkin, onlara sərgi guşəsində yer ayırın.
Anamın gözləri şəfadı, nurdu,
Qəlbimdə, yolumda işıq yandırır.
Anamın sözləri vüqar, qürurdur,
Zehnimi, ruhumu işıqlandırır.
Bəzən hirslənəndə, çətin anımda
Əzizləyib məni köksünə sıxır.
Anam saçlarımı tumarlayanda
Bütün ağrılarım yadımdan çıxır.
Sözləri, sığalı şəfalı anam
Əzizdir hamıdan, dünyada təkdir.
Ana Vətən kimi vəfalı anam
Mənə həyat verən canlı mələkdir.
Anam qurban deyib vətənə məni,
Deyib ki: “Ən əziz balamsan mənim.
Oğullar qoruyar ana vətəni,
Vətəni qoruyan qalamsan mənim”.
Oxuyub mühəndis, həkim olsam da,
Mənə “igid oğlum” deyəcək anam.
Oxuyub müəllim, hər kim olsam da,
Ay ana, mən sənin əsgər oğlunam.