Respublikanın çaylarına Kür çayı və onun qolları və birbaşa Xəzər dənizinə tökülən çaylar aiddir. Kür, Araz, Qanıx, Qabırrı və Samur Azərbaycanın ən böyük çaylarıdır.
Kür çayı mənbəyini Türkiyədəki Qızılgədik dağında, 2740 metr yüksəklikdən götürür, Gürcüstan ərazisindən keçərək Azərbaycana daxil olur. Ümumi uzunluğu 1515 km-dir. Ölkəmizin iqtisadiyyatı üçün Kürün böyük əhəmiyyəti vardır. Kür çayından suvarmada, elektrik enerjisi istehsalında və gəmiçilikdə istifadə olunur.
Araz çayı da Türkiyədə Bingöl silsiləsindəki 2990 metr yüksəklikdən başlayır. Sabirabad rayonunun Suqovuşan kəndində Kürlə birləşir. Uzunluğu 1072 km-dir.
Samur çayı mənbəyini Dağıstan ərazisində 3600 metr yüksəklikdən götürür. Uzunluğu 216 km-dir. Abşeronun su ilə təchizatında böyük rol oynayan Samur-Abşeron kanalı suyunu bu çaydan götürür.
Tərtər çayı uzunluğu 200 km-dir, mənbəyini Qarabağ vulkanik yaylasında 3120 m hündürlükdə olan bulaqlardan götürür. Çaydan suvarma, enerji məqsədilə istifadə olunur. Məşhur İstisu mineral suyu Tərtər çayının yuxarı axın istiqaməti hissəsindədir.
Cədvəli köçürün. Xəritədən istifadə edərək çayların adını cədvəlin uyğun xanalarına yazın.
Kürün sağ qolları | |
Kürün sol qolları | |
Birbaşa Xəzər dənizinə tökülən çaylar | |
Arazın sol qolları |
Cədvəli köçürün. Xəritədən istifadə etməklə göstərilən ərazilərdə yerləşən göllərin adını cədvəlin uyğun xanalarına yazın.
Böyük Qafqaz | Abşeron yarımadası | Kiçik Qafqaz | Kür-Araz |