Yada salın. Göllər çuxurların yaranmasına görə tektonik, vulkanik, axmaz, uçqun mənşəli və s. olur.

Göl – yer səthində, təbii qapalı çökəklikdə yerləşən su hövzəsidir. Çökəkliyin mənşəyi ərazinin relyef xüsusiyyətlərindən asılıdır. Göl suyunun tərkibi isə iqlim şəraitindən, yeraltı sulardan, çaylardan və s. asılıdır.

Göllər axarlı və axarsız olur. Əgər gölə çaylar tökülür və eyni zamanda, ondan çay başlayırsa, axarlı göl hesab olunur. Axarsız göllərə isə çaylar yalnız tökülür, heç bir çay başlamır.

Axarlı göllər suyun kimyəvi tərkibinə görə axarsız göllərdən fərqlənir. Axarlı göllər şirin sulu olur. Dünyanın şirin sulu göllərinə Böyük göllər, Atabaska (Şimali Amerika), Titikaka (Cənubi Amerika), Viktoriya və Tanqanika (Afrika), Baykal (Avrasiya) və s., Azərbaycanda Göygöl, Böyük Alagöl, Candargöl, Qaragöl, Maralgöl, Batabat misal ola bilər. Yağıntıların bol olduğu ekvatorial və mülayim enliklərdə şirin sulu göllər daha çoxdur.

Axarsız göllər, adətən, şor sulu olurlar. Dünyanın ən duzlu göllərinə Ölü dəniz (Avrasiya), Assal (Afrika), Elton və Baskuncak (Avrasiya), Eyr (Avstraliya), respublikamızda isə Binəqədi, Masazır, Acınohur,Sarısu, Hacıqabul və Ağgölü nümunə göstərmək olar.

Duzlu göllər daha çox quraq iqlim şəraitində geniş yayılmışdır.

  1. Xəzər – dünyanın ən iri və ən dərin şor sulu gölü
  2. Baykal – dünyanın ən dərin şirin sulu gölü
  3. Böyük göllər. Yuxarı göl – dünyanın ən böyük şirin sulu gölü