Azərbaycan Respublikasının ərazisi subtropik və qismən mülayim iqlim qurşaqlarında yerləşir. Mürəkkəb relyef şəraiti bu qurşaqlar daxilində fərqli iqlim sahələri yaradır. Ölkə ərazisində düzənlikdən dağlığa doğru iqlim dəyişir.
1. Yarımsəhra və quru çöl iqlimi əsasən Kür-Araz ovalığı, Abşeron yarımadası, Samur-Dəvəçi ovalığı, Acınohur-Ceyrançöl alçaq dağlığı və Naxçıvanın Arazboyu düzənliklərində Xəzər sahillərindən 600-800 m mütləq hündürlüklərə qədər ərazilər üçün səciyyəvidir. Bu ərazilərdə il ərzində düşən yağıntının miqdarı 200-400 mm-dən çox olmur. Yay ayları isti və quraq, qış isə mülayim və nisbətən rütubətli keçir. Naxçıvanın Arazboyu düzənliklərində qış ayları şaxtalı və soyuqdur. Yay isə isti və quraq keçir. Azərbaycan ərazisində ən yüksək və ən alçaq temperatur burada Culfa şəhərində müşahidə olunur: +46,2° C və –33° C. Ölkə ərazisinin 50%-yə qədəri yarımsəhra və quru çöl iqlimində yerləşir.