Yer səthində istiliyin paylanması Günəş şüalarının düşmə bucağından asılıdır. Tropik enliklərdə Günəş şüalarının düşmə bucağı böyük olduğuna görə Yer səthi daha çox qızır, qütbyanı enliklərdə isə Yer səthi nisbətən az istilik alır. Beləliklə, Yer səthinin iqlimi coğrafi enlikdən asılı olaraq dəyişir.

İqlimin yaranmasında hakim hava kütlələrinin, yəni troposferin özünəməxsus temperaturu və rütubəti ilə seçilən nəhəng hava hissələrinin rolu böyükdür.

Ekvatora yaxın ərazilərdə isti rütubətli ekvatorial hava, tropik enliklərdə isti və quru tropik hava, mülayim enliklərdə nisbətən rütubətli və mülayim hava, qütbyanı ərazilərdə isə şaxtalı, quru, arktik və antarktik hava kütlələri hakimdir.

Hava kütlələrinin xüsusiyyətlərinə uyğun olaraq, 13 iqlim qurşağı ayrılır: 7 əsas və 6 keçid (a).

a Dünyanın iqlim qurşaqları

Əsas iqlim qurşaqlarının özünəməxsus hava kütlələri olduğu halda, keçid iqlim qurşaqlarının öz hava kütlələri olmur. Onlar əsas iqlim qurşaqlarının hava kütlələrinin təsiri ilə yaranır. Məsələn, subtropik qurşaqda yayda əsasən tropik, qışda mülayim hava kütlələri, subekvatorial qurşaqda isə yayda ekvatorial, qışda tropik hava kütlələri hakimdir.