Qütbyanı enliklərdə enən hava, yüksək təzyiq və alçaq temperatur hakim olduğuna görə yağıntıların miqdarı kəskin azalır və il boyu bərk halda düşür. Antarktidanın mərkəzi hissələrində illik yağıntının miqdarı 50 mm-dən az olur.
Yer kürəsində ən çox orta illik yağıntı (14000 mm) Havay adalarına, mütləq maksimum yağıntı isə Himalay dağlarının cənub yamaclarına – Çerrapunci məntəqəsinə düşmüşdür (23000 mm-dən çox). Mütləq minimum yağıntı Atakama səhrasında cəmi bir neçə mm müşahidə edilmişdir.
Yağıntılar il ərzində müxtəlif paylanır. Musson küləklərinin hakim olduğu Şərqi, Cənub-şərqi və Cənubi Asiya regionlarında yağıntılar ilin yay aylarında düşür. Aralıq dənizi sahillərində qış aylarında, ekvatora yaxın ərazilərdə isə il boyu bərabər paylanır. Xəritələrdə eyni miqdarda yağıntı düşən məntəqələri birləşdirən xətlər izogiyetlər adlanır.