Amazon ovalığı Cənubi Amerikada yerləşir. Ovalığın səthi hamardır və çökmə süxurlarla örtülüdür. Ərazisi dayaz və geniş çay dərələrinə malik olması ilə seçilir. Sıx meşə örtüyünə malikdir.
Oxşar əlamətlər | Fərqli əlamətlər | ||
Amazon | Braziliya | Amazon | Braziliya |
Braziliya yaylası Cənubi Amerikada yerləşir. Səthi bərk süxurlardan ibarətdir. Filiz mənşəli faydalı qazıntılarla zəngindir. Yayla dərin çay dərələri ilə parçalanmışdır. Seyrək meşələr və hündür otlar ərazidə əsas bitki örtüyüdür.
Müzakirə edək:
Düzənlikləri hansı əlamətlərinə görə fərqləndirmək olar?
Yada salın. Düzənliklər hündürlüklərinə görə 3 yerə bölünür: ovalıq, yüksəklik və yayla.
Düzənlik relyef formasının əmələ gəlməsində endogen qüvvələrin rolu böyükdür. Lakin səthin hamarlanması ekzogen qüvvələrin təsirindən baş verir. Düzənliklər xarici görünüşünə görə müxtəlif olur. Onlar hündürlüklərinə və mənşəyinə görə fərqlənir.
Mənşəyinə görə düzənliklərin iki tipi olur: denudasion və akkumulyativ. Denudasion (“çılpaqlaşma”) düzənliklər dağlıq ərazilərdəki süxurların aşınıb-parçalanıb dağılması və çökək yerlərə aparılması nəticəsində yaranır. Onlara əsasən qədim kristallik süxurlardan ibarət olan yüksək ərazilərdə yaranan yaylalar aiddir. Qərbi Avstraliya, Braziliya, Dekan, Orta Sibir, Qobi, Kolorado və s. yaylalarını buna misal göstərmək olar. Bəzən denudasion düzənliklərdə “şahid dağlar” formalaşır. Əhəqqar, Tibesti, Darfur Şimali Afrikada denudasiya nəticəsində əmələ gəlmiş “şahid dağlar”dır.
Akkumulyativ (“toplanma”) düzənliklər Yer qabığının çökək sahələrində süxurların toplanması və səthin hamarlanması nəticəsində yaranır. Akkumulyativ düzənliklər ovalıqlara uyğun gəlir. Onlar eroziya, buzlaq, çay, dəniz mənşəli olur.