Yerin sutkalıq hərəkəti nəticəsində gecə və gündüz bir-biri ilə növbələşir. Yerin Günəşə doğru çevrilən yarımkürəsində gündüz, əks tərəfində isə gecə olur. Yer kürəsi Günəş ətrafında meyilli hərəkət etdiyi üçün gecə və gündüzün uzunluğu da coğrafi enlikdən asılı olaraq dəyişir. Ekvator üzərində ilboyu təqribən 12 saat gecə və 12 saat gündüz müşahidə edilir. Qütblərə doğru getdikcə yayda gündüzün, qışda isə gecənin uzunluğu artır.
Yerin öz oxu ətrafında hərəkəti nəticəsində həm də vaxt fərqi yaranır. Yer kürəsi qərbdən şərqə doğru hərəkət edir və tam dövrəni 24 saata başa vurur, yəni 1 saat ərzində 15° (360° : 24 saat = 15°), 4 dəqiqə ərzində isə 1° (60 dəq : 15° = 4 dəq) dönür. Odur ki, Günəş şüaları Yer səthini şərqdən qərbə doğru meridianlar üzrə ardıcıl olaraq işıqlandırır.
Bir meridian xətti üzərindəki vaxt yerli vaxt adlanır.
Məntəqələr arasında yerli vaxt fərqini təyin etmək mümkündür. Bunun üçün coğrafi uzunluq fərqi 4-ə vurulur və 60 dəqiqəyə bölünür.